Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirən yumşaq güc alətidir - Şərh

Siyasət Materials 13 İyul 2026 16:28 (UTC +04:00)
Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirən yumşaq güc alətidir - Şərh
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Müasir beynəlxalq münasibətlərdə dövlətlərin nüfuzu artıq yalnız iqtisadi və hərbi güclə müəyyən edilmir. Harvard Universitetinin professoru Cozef Nay tərəfindən irəli sürülən “Soft Power” – yumşaq güc konsepsiyası göstərir ki, dövlətlərin cəlbediciliyi, mədəniyyəti, dəyərləri, humanitar fəaliyyəti və beynəlxalq etibarı müəyyən hallarda sərt güc qədər əhəmiyyətlidir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.

Deputat bildirib ki, bu mənada IV Qlobal Şuşa Media Forumu da Azərbaycanın yumşaq güc alətlərindən biridir. Onun sözlərinə görə, forumda informasiya təhlükəsizliyi, beynəlxalq əməkdaşlıq, rəqəmsal transformasiya və sülhün kommunikasiya vasitəsilə təşviqi kimi mövzular müzakirə olunur. O qeyd edib ki, informasiya diplomatiyasının ən güclü vasitələrindən biri birbaşa təmasa əsaslanan kommunikasiya modelidir və IV Qlobal Şuşa Media Forumu Prezident İlham Əliyevin yeni diplomatik yanaşmasının mühüm tərkib hissəsidir.

R.Nəbiyev vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən informasiya diplomatiyası, humanitar təşəbbüslər, sülh gündəliyi və yumşaq güc siyasəti Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir. Onun sözlərinə görə, bu siyasət ölkənin qlobal miqyasda dialoq təşəbbüskarı və etibarlı orta güc dövlətinə çevrilməsi prosesini sürətləndirir.

Deputat qeyd edib ki, builki “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan IV Şuşa Qlobal Media Forumunda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsinin, ekspertin və rəsmi şəxsin iştirakı gözlənilir. O əlavə edib ki, Şuşa Qlobal Media Forumu indiyədək keçirilən tədbirlər çərçivəsində 81 ölkədən 600-ə yaxın nüfuzlu iştirakçını bir araya gətirərək qlobal media gündəliyinin müzakirə olunduğu aparıcı beynəlxalq platformalardan biri kimi mövqeyini möhkəmləndirib.

R.Nəbiyevin sözlərinə görə, müasir dünyada informasiya məkanı geosiyasi rəqabətin əsas meydanlarından birinə çevrilib və belə şəraitdə media yalnız xəbərləri çatdıran institut deyil, həm də etimad yaradan strateji institutdur.

Deputat bildirib ki, beynəlxalq münasibətlər nəzəriyyəsində “orta güc” anlayışı xüsusi aktuallıq kəsb edir. O qeyd edib ki, orta güc dövlətləri diplomatiya, çoxtərəfli əməkdaşlıq, vasitəçilik, humanitar təşəbbüslər və beynəlxalq institutlarda fəallıq vasitəsilə qlobal proseslərə ciddi təsir göstərirlər. Onun sözlərinə görə, bu modelin uğurlu nümunələri hesab olunan Avstraliya, Sinqapur, Norveç, Cənubi Koreya və Qətərin sıralarına Azərbaycan da daxil olub.

R.Nəbiyev Prezident İlham Əliyevin dövlət başçısı diplomatiyasının əhəmiyyətini xüsusi vurğulayaraq xatırladıb ki, dövlət başçısı IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı Azərbaycanın artıq orta gücə çevrildiyini bildirib. Deputat Prezident İlham Əliyevin “Azərbaycan artıq ortasəviyyəli gücə çevrilir və düşünürük ki, ölkəni ortasəviyyəli güc kimi xarakterizə edən meyarların müəyyənləşdirilməsi mümkündür. Mənim fikrimcə, terminologiya ilə belə demək olar ki, bu, ölkənin potensialının etiraf edilməsidir, onun öz milli maraqlarını müdafiə etmək bacarığının müəyyən edilməsidir” fikirlərini xatırladıb.

Deputatın sözlərinə görə, tarixi Qarabağ Zəfərindən sonra formalaşan Azərbaycanın “orta güc modeli” milli maraqlara əsaslanan müstəqil və balanslaşdırılmış xarici siyasətə, Şərqlə Qərbi birləşdirən geostrateji mövqedən çıxış etməklə enerji və nəqliyyat diplomatiyasına, humanitar və mədəniyyət diplomatiyasına, parlament diplomatiyasına, rəqəmsal transformasiya və innovasiya fəaliyyətlərinə, beynəlxalq tədbirlərə ev sahibliyi və qlobal dialoq platformalarının təşkilinə əsaslanır.

R.Nəbiyev əlavə edib ki, Şuşadan dünyaya verilən əsas mesaj müasir dövrdə davamlı sülhün yalnız siyasi razılaşmalarla deyil, eyni zamanda etimad, informasiya açıqlığı və humanitar əməkdaşlıq vasitəsilə mümkün olmasıdır. O bildirib ki, Azərbaycan bu dəyərləri təşviq edən məsuliyyətli və etibarlı tərəfdaş kimi beynəlxalq mövqeyini ildən-ilə daha da gücləndirir.

Xəbər lenti

Xəbər lenti