Şuşa Qlobal Media Forumu çərçivəsində rəqəmsal təhlükəsizlik məsələlərinə həsr olunmuş panel müzakirəsi keçirilib (FOTO)

Cəmiyyət Xəbər 13 İyul 2026 17:12 (UTC +04:00)
Şuşa Qlobal Media Forumu çərçivəsində rəqəmsal təhlükəsizlik məsələlərinə həsr olunmuş panel müzakirəsi keçirilib (FOTO)
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Şuşa.Trend:

IV Şuşa Qlobal Media Forumu çərçivəsində informasiya təhlükəsizliyinin təmin edilməsi, dezinformasiyaya qarşı mübarizə, rəqəmsal platformaların tənzimlənməsi və internetdə uşaqların müdafiəsi məsələlərinə həsr olunmuş “Rəqəmsal platformalar və informasiya təhlükəsizliyi: müasir çağırışlar və əsas həllər” mövzusunda panel müzakirəsi keçirilib.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, panel iştirakçıları süni intellekt və deepfake texnologiyalarının informasiya məkanına təsirini, etibarsız məlumatların yayılması ilə bağlı çağırışları, fərdi məlumatların qorunması məsələlərini, eləcə də təhlükəsiz rəqəmsal mühitin yaradılması üzrə beynəlxalq təcrübəni müzakirə ediblər.

Müzakirələr zamanı rəqəmsal platformaların tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsinə, əhalinin rəqəmsal savadlılığının artırılmasına və təhlükəsiz rəqəmsal məkanın təmin edilməsi məqsədilə dövlət, biznes və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Fərid Zeynalov bildirib ki, informasiya təhlükəsizliyi bu gün təkcə texniki məsələ deyil, həm də milli təhlükəsizliyin və ictimai sabitliyin mühüm tərkib hissəsidir.

“İnformasiya təhlükəsizliyi bu gün təkcə texniki məsələ deyil, bu, eyni zamanda dövlətlərin milli təhlükəsizliyi məsələsi və ictimai sabitliklə təhlükəsizliyin mühüm tərkib hissəsidir”, - deyə o bildirib.

Zeynalovun sözlərinə görə, rəqəmsal platformalardan getdikcə daha çox informasiyanın manipulyasiyası, ictimai rəyin formalaşdırılması, kiberhücumların həyata keçirilməsi, eləcə də süni intellekt və deepfake texnologiyalarından istifadə edilməklə hazırlanmış materialların yayılması məqsədilə istifadə olunur.

Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi uşaqların və yeniyetmələrin müdafiəsinə xüsusi diqqət yetirərək onları rəqəmsal mühitin ən həssas istifadəçi kateqoriyalarından biri adlandırıb.

O qeyd edib ki, onların təhlükəsizliyinə görə məsuliyyət yalnız dövlətin deyil, həm də vətəndaş cəmiyyətinin, akademik dairələrin və valideynlərin üzərinə düşməlidir.

Dharana Digital şirkətinin direktoru, sosial media üzrə mütəxəssis və tədqiqatçı Karen Sazerlend isə bildirib ki, süni intellekt və deepfake texnologiyalarının inkişafı istifadəçilərin internetdə dərc olunan istənilən məzmuna etibarını itirməsinə səbəb ola bilər.

“Düşünürəm ki, elə bir mərhələyə gəlib çatacağıq ki, internetdə gördüyümüz heç nəyə inanmayacağıq, çünki artıq həqiqəti saxtadan ayırd edə bilməyəcəyik”, - deyə o bildirib.

Sazerlendin sözlərinə görə, süni intellekt bir çox tapşırıqların yerinə yetirilməsini və böyük həcmli məlumatların təhlilini əhəmiyyətli dərəcədə asanlaşdırır. Lakin eyni zamanda deepfake, saxta audio və videoyazılar, eləcə də istifadəçiləri aldatmaq üçün digər vasitələrdən istifadə edən dələduzlar üçün yeni imkanlar yaradır.

O qeyd edib ki, bu təhdidlərə qarşı mübarizə aparmaq üçün dövlət orqanlarının, rəqəmsal platformaların və cəmiyyətin birgə səyləri zəruridir. Onun sözlərinə görə, istifadəçilərin rəqəmsal savadlılığının inkişafı, məlumatların etibarlılığının yoxlanılması və süni intellektdən istifadə edilməklə yaradılmış məzmunun tənzimlənməsi üçün səmərəli mexanizmlərin tətbiqi xüsusi əhəmiyyət kəsb edir.

"LinkedIn"in dövlət sektoru, səhiyyə və qeyri-kommersiya təşkilatları ilə iş üzrə rəhbəri Şeymus Klensi bildirib ki, LinkedIn rəqəmsal transformasiya, əmək bazarının inkişafı və peşə bacarıqlarının təkmilləşdirilməsi məsələlərində Azərbaycanın dövlət qurumları ilə əməkdaşlıq edir.

“Biz konkret nəticələrə yönəlmiş qərarların qəbulunda məlumatlardan istifadə edərək Azərbaycanın bir çox dövlət qurumları ilə fəal işləyirik”, - deyə o bildirib.

Klensinin sözlərinə görə, "LinkedIn" məlumatları əmək bazarındakı vəziyyəti real vaxt rejimində təhlil etməyə, ən çox tələb olunan peşə və bacarıqları izləməyə, eləcə də iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf meyillərini qiymətləndirməyə imkan verir.

O qeyd edib ki, platformaya sosial şəbəkə kimi deyil, iş axtarışı, karyera inkişafı, təhsil və işəgötürənlərlə qarşılıqlı əlaqəyə yönəlmiş peşəkar platforma kimi baxılır.

Klensi vurğulayıb ki, istifadəçilərin etimadının təmin edilməsi "LinkedIn"in fəaliyyətinin əsas prinsiplərindən biri olaraq qalır. Onun sözlərinə görə, platforma hesabların həqiqiliyinin yoxlanılmasına, məxfiliyin qorunmasına və qaydaları pozan məzmunun operativ silinməsinə xüsusi diqqət yetirir.

O həmçinin qeyd edib ki, süni intellekt və rəqəmsal platformaların inkişafı ilə bağlı çağırışlara qarşı səmərəli mübarizə dövlətin, biznesin və cəmiyyətin birgə səylərini, eləcə də əhalinin rəqəmsal savadlılıq səviyyəsinin artırılmasını tələb edir.

"TikTok"un Şərqi Avropa üzrə dövlət siyasəti və dövlət orqanları ilə qarşılıqlı əlaqələr direktoru Diana Rayan isə qeyd edib ki, istifadəçilərin etimadı yaradıcılığın, öyrənmənin və ünsiyyətin inkişafına töhfə verən təhlükəsiz rəqəmsal mühitin əsasını təşkil edir.

“Təhlükəsizlik bizim platformamızın sadəcə bir funksiyası deyil. Bu, istifadəçilərin yaradıcılığını, öyrənməsini və məzmunlu qarşılıqlı əlaqəsini mümkün edən əsasdır”, - deyə o bildirib.

Rayanın sözlərinə görə, hər gün dünyada 1 milyarddan çox insan "TikTok"dan istifadə edir, Azərbaycanda isə platformanın auditoriyası 1 milyondan çox istifadəçini əhatə edir.

O qeyd edib ki, "TikTok"un təhlükəsizliyin təmin edilməsinə yanaşması üç əsas prinsip üzərində qurulub: icma qaydalarına ciddi riayət edilməsi, istifadəçilərə rəqəmsal təcrübələrini idarə etmək üçün alətlər təqdim olunması və rəqəmsal savadlılığın inkişaf etdirilməsi.

Rayan vurğulayıb ki, platformada dərc olunan hər bir material süni intellekt texnologiyalarından istifadə edilməklə yoxlanılır, daha sonra isə mütəxəssislər tərəfindən moderasiya olunur. Onun sözlərinə görə, "TikTok" Azərbaycan dili də daxil olmaqla 70-dən çox dildə moderasiya aparır, həmçinin platformanın fəaliyyətinin şəffaflığını təmin etmək məqsədilə icma qaydalarına əməl olunması ilə bağlı mütəmadi hesabatlar dərc edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti