Bakı.Trend:
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olmaq istəyən bakalavrlar üçün ixtisaslaşma seçimi növbəti həftə ərzində başlayacaq.
Dövlət İmtahan Mərkəzinin (DİM) yaydığı məlumata görə, bakalavrlar ixtisaslaşma seçimini DİM-in təqdim etdiyi cədvəl və “Magistr” xüsusi buraxılışının 4-cü sayı əsasında həyata keçirəcəklər. Cədvəlin birinci sütununda bakalavr ixtisasları, ikinci sütununda həmin ixtisaslara uyğun magistratura ixtisaslaşmaları, üçüncü sütununda qəbul proqramının nömrəsi, dördüncü sütununda isə ixtisaslaşma seçiminə buraxılmaq üçün tələb olunan minimal bal göstərilib.
Namizədlər üçün seçilə biləcək bütün ixtisaslaşmaların tam siyahısı “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə də yerləşdiriləcək.
Qeyd olunub ki, 2026-cı ildə magistratura səviyyəsinə qəbul üçün ümumilikdə 17 688 plan yeri ayrılıb. Onlardan 7 022-si dövlət sifarişli yerlərdir. Ötən illə müqayisədə plan yerlərinin sayı 4,99 faiz artıb.
Məlumata görə, bəzi qəbul proqramları üzrə plan yerləri artırılıb, bəziləri üzrə isə azaldılıb. Rus bölməsi üzrə plan yerlərinin sayı azalsa da, Azərbaycan və rus bölmələri üzrə birgə müsabiqəyə təqdim olunan yerlərin sayı əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2025-ci ildə birgə müsabiqə üzrə 4 414, 2026-cı ildə isə 15 511 yer ayrılıb. Bu yerlərin böyük əksəriyyətində tədris Azərbaycan dilində aparılacaq.
DİM bakalavrların diqqətinə çatdırıb ki, bir neçə qəbul proqramına aid ixtisaslaşmaları seçmək mümkündür. Lakin seçilən bütün ixtisaslaşmaların ümumi sayı 20-dən çox olmamalıdır.
Qaydalara əsasən, 56 nömrəli MBA (Biznesin idarə edilməsi) proqramına aid ixtisaslaşmaları qəbul imtahanında ən azı 45 bal toplayan və fənlər üzrə müsabiqə şərtlərini ödəyən bütün bakalavrlar seçə bilərlər.
44 nömrəli Jurnalistika proqramına aid ixtisaslaşmaları isə qəbul imtahanında 50 və daha çox bal toplamış, eyni zamanda qabiliyyət imtahanından uğurla keçmiş bakalavrlar seçə biləcəklər.
Bundan başqa, 42 nömrəli proqram çərçivəsində “Sosial iş” ixtisasının “Gənclərlə iş” və “Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş” ixtisaslaşmaları qəbul imtahanında 50 və daha çox bal toplamış bütün bakalavrlar üçün açıq olacaq.
Həmin proqram üzrə “Fəlsəfə” ixtisasının “Təbiətşünaslıq fəlsəfəsi” ixtisaslaşmasını təbiət ixtisasları qrupunu bitirən, “Fəlsəfə tarixi” və “Sosial fəlsəfə” ixtisaslaşmalarını isə humanitar və sosial ixtisaslar qrupunu bitirən, qəbul imtahanında 50 və daha çox bal toplamış bakalavrlar seçə biləcəklər.
DİM həmçinin bildirib ki, magistraturaya qəbul prosesi ilə bağlı daha ətraflı təhlil və tövsiyələrlə qurumun İdarə Heyətinin sədri Məleykə Abbaszadənin sosial media hesabları vasitəsilə də tanış olmaq mümkündür.
“Magistr” jurnalının 3-cü nömrəsinin elektron versiyasını www.abiturient.az saytında əldə edə bilərsiniz.
