Böyük Britaniya və Azərbaycan parlamentləri arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyur - Bob Blekman (ÖZƏL MÜSAHİBƏ)

Siyasət Materials 14 İyul 2026 12:22 (UTC +04:00)
Böyük Britaniya və Azərbaycan parlamentləri arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyur - Bob Blekman (ÖZƏL MÜSAHİBƏ)
Nilcan Baxşəliyeva
Nilcan Baxşəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya–Azərbaycan parlamentlərarası dostluq qrupunun əsas prioritetləri parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi və Azərbaycanla strateji tərəfdaşlığın inkişaf etdirilməsidir.

Bunu Trend-ə verdiyi özəl müsahibədə qrupun rəhbəri Bob Blekman deyib.

Onun sözlərinə görə, qrupun əsas vəzifəsi yeni seçilmiş britaniyalı parlamentariləri bu fəaliyyətə cəlb etmək və onların Azərbaycanın strateji rolu barədə anlayışını dərinləşdirməkdir.

“Biz 2024-cü il ümumi seçkilərindən sonra qrupu yenidən formalaşdırdıq. Parlamentdə müəyyən çətinliklər yarandığı üçün onu yenidən yaratmalı olduq. Əsas məqsədimiz yeni həmkarlarımızı, yeni parlament üzvlərini Azərbaycanla dostluq münasibətlərinin inkişafına cəlb etməkdir ki, onlar Azərbaycanın təkcə strateji əhəmiyyətini deyil, həm də ölkələrimiz arasında 100 ildən artıq tarixə malik dostluq münasibətlərini dərk etsinlər", – deyə o bildirib.

Blekman vurğulayıb ki, Azərbaycan Böyük Britaniya üçün enerji sahəsində strateji tərəfdaş olmaqla yanaşı, Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat və hava dəhlizidir.

O bildirib ki, Böyük Britaniyanın Bütün Partiyaların Parlament Qrupu (APPG) yaxın aylarda parlamentlərarası mübadiləni genişləndirməyi planlaşdırır.

“Ümid edirəm ki, payızda Bütün Partiyaların Parlament Qrupunun səfərini təşkil edə biləcəyik və daha çox həmkarımız Azərbaycana gələ biləcək. Eyni zamanda, Azərbaycanın parlamentlərarası dostluq qrupunun nümayəndələrini Böyük Britaniyada qəbul etməyi də planlaşdırırıq”, – deyə parlament üzvü bildirib.

Əməkdaşlıq enerji sahəsi ilə məhdudlaşmır

Blekmanın sözlərinə görə, energetika ikitərəfli münasibətlərin əsasını təşkil etsə də, ölkələr arasında əməkdaşlıq mühəndislik layihələri, bərpa olunan enerji, təhlükəsizlik və müdafiə də daxil olmaqla digər sahələrdə də fəal şəkildə inkişaf edir.

"Neft və qaz təchizatı, şübhəsiz ki, böyük əhəmiyyət daşıyır. Lakin söhbət yalnız xammalın təchizatından getmir. Avropa ilə Azərbaycanı birləşdirən 3 500 kilometrlik boru kəmərinin mühəndislik komponenti xüsusi önəm daşıyır. Xəzər dənizində toplanmış təcrübə və yaradılmış infrastruktur da mühüm rol oynayır. Böyük Britaniyanın ən iri investoru və podratçısı olan BP şirkəti SOCAR ilə əməkdaşlıq sayəsində bu infrastrukturu inkişaf etdirə bilib. Məhz buna görə də bu münasibətlər olduqca vacibdir.

Bununla yanaşı, əməkdaşlıq enerji ilə əlaqəli sahələri, eləcə də şaxələndirmə proseslərini əhatə edir. Buraya bərpa olunan enerji mənbələrinin inkişafı, günəş enerjisindən istifadə və digər texnologiyalar daxildir", – deyə o qeyd edib.

Böyük Britaniya investisiyaların genişləndirilməsində maraqlıdır

Bləkmanın sözlərinə görə, son illərdə Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlər əhəmiyyətli dərəcədə möhkəmlənib və bu, investisiya, ticarət və təhsil sahələrində yeni imkanlar açır.

O bildirib ki, Azərbaycanın iqtisadi inkişafı Britaniya biznesi üçün yeni perspektivlər yaradır.

"Azərbaycan təkcə azad liman deyil, həm də şirkətlərin burada müstəqil şəkildə uğurla fəaliyyət göstərə bilməsi üçün daha azad sahibkarlıq mühiti formalaşdırmağa çalışır. Buna görə də Britaniya investisiyaları böyük əhəmiyyət kəsb edir".

Blekman qarşılıqlı investisiyaların və akademik mübadilənin genişləndirilməsinin tərəfdarı olduğunu da bildirib.

"Azərbaycan investisiyalarını Böyük Britaniyaya cəlb etmək, eyni zamanda, tələbə mübadiləsi də daxil olmaqla əməkdaşlığı inkişaf etdirmək vacibdir. Bu, uzunmüddətli gələcəyimiz üçün böyük əhəmiyyət daşıyır. Biz yalnız bu günü deyil, uzunmüddətli investisiyaları da düşünməliyik", – deyə o vurğulayıb.

Cənubi Qafqazda sülh regional sabitliyi gücləndirəcək

Regional təhlükəsizlikdən danışan Blekman Cənubi Qafqazı strateji baxımdan mühüm region adlandırıb və Azərbaycanla Ermənistan arasında sülh prosesinin irəliləməsinin yeni imkanlar açacağını bildirib.

"Cənubi Qafqaz son dərəcə mühüm strateji regiondur. Ermənistanla Azərbaycan arasında sülh nizamlanması prosesi getdikcə daha böyük əhəmiyyət qazanır. Mən Qarabağın geri qaytarılması uğrunda müharibə zamanı Azərbaycanı dəstəkləmişəm. Qarabağ hər zaman Azərbaycanın suveren ərazisinin bir hissəsi olub, lakin bildiyimiz kimi, uzun illər Ermənistanın işğalı altında qalıb", – deyə o bildirib.

Britaniyalı parlament üzvü iki ölkə arasında münasibətlərin normallaşması prosesini alqışlayaraq bunun yeni strateji imkanlar yaratdığını qeyd edib.

Blekman Azərbaycanın dini birgəyaşayış modelini də yüksək qiymətləndirib.

"Azərbaycanda bütün dinlərə hörmətlə yanaşılır və insanlar sərbəst şəkildə öz dinlərinə etiqad edə bilirlər. . Mənim üçün bu, gələcəyin modelidir. Məhz buna görə də Azərbaycanın əsasən xristian ölkəsi olan Ermənistanla münasibətlərini inkişaf etdirməsi olduqca vacibdir. Bu, insanların bir-birinə qarşılıqlı hörmət göstərdiyi həqiqi dinlərarası birgəyaşayış üçün möhkəm zəmin yaradır. Bundan əlavə, Azərbaycanın yəhudi icmasını qoruyub inkişaf etdirmək bacarığı böyük əhəmiyyət daşıyır və insanların bir-birinə nifrət etmədən yanaşı yaşaya biləcəyini nümayiş etdirir”, – deyə o bildirib.

Parlament diplomatiyası və humanitar minatəmizləmə

Blekmanın sözlərinə görə, parlament diplomatiyası APPG-nin fəaliyyətinin əsas istiqamətlərindən biri olaraq qalacaq.

O bildirib ki, noyabr ayında humanitar minatəmizləmə məsələləri ilə məşğul olan Britaniya parlament nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır.

"Bizim partiyalararası parlament qrupumuz partlayıcı maddələr və minatəmizləməyə necə töhfə verə biləcəyimiz məsələləri ilə məşğuldur. Nümayəndə heyətinin noyabrın sonunda Azərbaycana səfəri planlaşdırılır", – deyə o bildirib.

APPG həmçinin ikitərəfli əməkdaşlığa və Azərbaycan icmasının Böyük Britaniyaya verdiyi töhfələrə həsr olunan parlament tədbirlərini davam etdirmək niyyətindədir.

"Biz parlamentdə mütəmadi olaraq BP-nin, eləcə də Londondakı Azərbaycan icmasının ölkənin inkişafına verdiyi töhfəni qeyd etdiyimiz qəbullar keçiririk. Böyük diasporumuz var və bununla fəxr edirik. Belə tədbirlər insanları bir araya gətirməyə və müxtəlif qruplar arasında əlaqələr yaratmağa kömək edir", – deyə Blekman bildirib.

Azərbaycanın strateji əhəmiyyəti daha da artıb

Blekmanın sözlərinə görə, Rusiyanın Ukraynaya müdaxiləsi Avropanın enerji mənzərəsini köklü şəkildə dəyişdirib və Azərbaycanın strateji tərəfdaş kimi əhəmiyyətini daha da artırıb.

"Rusiyanın qanunsuz olaraq Ukraynaya daxil olması neft və qazın, xüsusilə də qazın Avropa İttifaqına tədarük zəncirini ciddi şəkildə pozdu. Ukraynadakı müharibədən əvvəl Azərbaycan öz potensialının cəmi 15 faizindən istifadə edirdi. Hal-hazırda isə Azərbaycanın enerji resurslarının Avropaya tədarükünün strateji əhəmiyyəti müstəsna dərəcədə artıb", – deyə o bildirib.

O qeyd edib ki, Cənub Qaz Dəhlizi uzunmüddətli strateji planlaşdırmanın əhəmiyyətini aydın şəkildə nümayiş etdirib.

"Azərbaycandan kontinental Avropaya qədər uzanan boru kəmərinin yaradılması ilə bağlı uzunmüddətli baxış neft və qaz üçün alternativ marşrutun formalaşdırılmasının nə dərəcədə vacib olduğunu bir daha açıq şəkildə göstərdi. Bunun sayəsində biz artıq əvvəlki olduğu kimi, Rusiyadan asılı deyilik", – deyə Blekman vurğulayıb.

Onun sözlərinə görə, daha geniş geosiyasi proseslər də Böyük Britaniya ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsini zəruri edir.

"Qarşıda hələ çox böyük işlər dayanır. Məhz buna görə də Böyük Britaniya ilə Azərbaycan arasındakı münasibətlər daha da əhəmiyyət kəsb edir. İran Rusiyaya pilotsuz uçuş aparatlarının istehsalı üçün texnologiyalar təqdim edir ki, bu da geosiyasi baxımdan ciddi çağırış yaradır. Belə şəraitdə Azərbaycan daha mühüm tərəfdaşa çevrilir. Deməli, Azərbaycanın təhlükəsizliyinin təmin olunması da müstəsna əhəmiyyət daşıyır", – deyə o əlavə edib.

Qeyd edək ki, Bob Bləkman ADA Universitetinin dəvəti ilə iyulun 6–17-də keçirilən Bakı Yay Enerji Məktəbinin 20 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Azərbaycandadır. Hər il təşkil olunan proqram qlobal enerji təhlükəsizliyi, "yaşıl" keçid və regional əməkdaşlıq məsələlərini müzakirə etmək məqsədilə dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələrini, siyasətçiləri, alimləri və enerji ekspertlərini bir araya gətirir.

Səfər çərçivəsində Bob Blekman Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Azərbaycan–Böyük Britaniya parlamentlərarası işçi qrupunun rəhbəri Fariz İsmayılzadə ilə görüşlər keçirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti