Şuşa. Trend:
Dezinformasiya ilə mübarizə, KİV-lər arasında əməkdaşlığın inkişafı və mediada süni intellekt texnologiyalarından istifadə D-8 Media Mükəmməllik Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən olacaq.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev D-8 Media Mükəmməllik Mərkəzinin Strateji Konsepsiyasının təqdimatı zamanı deyib.
"Dezinformasiya ilə mübarizə mediada süni intellekt alətlərinin tətbiqi və Mükəmməllik Mərkəzinin Konsepsiyasında nəzərdə tutulan bir sıra digər istiqamətlər onun prioritetləri sırasında olacaq", - deyə o bildirib.
H.Hacıyevin sözlərinə görə, jurnalist kadrlarının hazırlanmasına, kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişafına və D-8-ə üzv dövlətlərin media qurumları arasında birbaşa qarşılıqlı əlaqələrin genişləndirilməsinə də xüsusi diqqət yetirilməsi planlaşdırılır.
O qeyd edib ki, Media Mükəmməllik Mərkəzi qardaş ölkələrin KİV nümayəndələri arasında bilik və peşəkar təcrübə mübadiləsi üçün platformaya çevrilməlidir.
