İİB-nin Bakı görüşləri regional inteqrasiyanın katalizatorudur - BƏƏ (Müsahibə)

İqtisadiyyat Materials 13 İyul 2026 19:07 (UTC +04:00)
İİB-nin Bakı görüşləri regional inteqrasiyanın katalizatorudur - BƏƏ (Müsahibə)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İslam İnkişaf Bankının (İİB) Bakı görüşlərini regional inteqrasiyanın katalizatoru kimi dəyərləndirib.

"Builki görüşlər bir daha üzv ölkələr arasında konstruktiv dialoq üçün mühüm platformaya çevrildi. Bu platforma inkişaf prioritetlərinin müəyyənləşdirilməsinə, bilik və qabaqcıl təcrübə mübadiləsinə, eləcə də iqtisadi əməkdaşlığın gücləndirilməsinə imkan yaratdı. Sürətlə dəyişən geosiyasi və iqtisadi şərait, xüsusilə də Fars körfəzi regionunda baş verən son hadisələr fonunda builki müzakirələr xüsusi əhəmiyyət daşıyır".

Bunu BƏƏ Maliyyə Nazirinin beynəlxalq maliyyə əlaqələri üzrə müavininin köməkçisi Əli Abdullah Şərəfi Trend-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, görüşlər yeni yaranan çağırışların müzakirəsinə, iqtisadiyyatların dayanıqlığının artırılmasına və dayanıqlı, inklüziv inkişaf üçün yeni istiqamətlərin müəyyənləşdirilməsinə imkan verib.

Şərəfi qeyd edib ki, açıq və gələcəyə yönəlmiş müzakirələr uzunmüddətli inkişaf məqsədlərinə nail olunmasına, regional əlaqələrin möhkəmləndirilməsinə və üzv ölkələr arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə xidmət edən siyasət və təşəbbüslərin formalaşdırılmasına töhfə verəcək.

O həmçinin vurğulayıb ki, görüşlər infrastruktur, ticarət, özəl sektorun iştirakı, ərzaq və enerji təhlükəsizliyi, rəqəmsal transformasiya, eləcə də iqlim dəyişikliyinə qarşı dayanıqlığın artırılması kimi sahələrdə əməkdaşlığın inkişafına töhfə verib.

"Görüşlərin əsas nəticələrindən biri hökumətlər, beynəlxalq maliyyə institutları və özəl sektor arasında tərəfdaşlığın möhkəmləndirilməsi, həmçinin yüksək sosial-iqtisadi təsirə malik layihələrin həyata keçirilməsi üçün resursların səfərbər olunması oldu. Qlobal iqtisadiyyatda mövcud qeyri-müəyyənlik şəraitində bu müzakirələr sabitliyin, rifahın və üzv ölkələrin davamlı inkişafının təmin edilməsi üçün əlaqələndirilmiş addımların vacibliyini bir daha təsdiqlədi", – o bildirib.

Şərəfinin sözlərinə görə, İslam İnkişaf Bankının illik toplantılarının "Regional inteqrasiya – dayanıqlı rifahın hərəkətverici qüvvəsi kimi" mövzusu BƏƏ-nin strateji baxışı ilə tam üst-üstə düşür.

"Dövlətlər arasında iqtisadi əməkdaşlığın və tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi dayanıqlı inkişafın və ümumi rifahın təmin olunmasının əsas şərtlərindən biridir", – o qeyd edib.

Şərəfi əlavə edib ki, BƏƏ-nin dayanıqlı inkişafa sadiqliyi innovasiya və dayanıqlı inkişaf əsasında rəqabətqabiliyyətli bilik iqtisadiyyatının formalaşdırılmasını, həmçinin ölkənin qlobal inkişaf və iqtisadi imkanlar mərkəzi kimi rolunun möhkəmləndirilməsini nəzərdə tutan "BƏƏ – 2071 Yüzilliyi" strategiyasının məqsədlərinə uyğundur.

O vurğulayıb ki, Birləşmiş Ərəb Əmirlikləri İİB-nin regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və üzv dövlətlər arasında əməkdaşlıq mexanizmlərinin inkişafı istiqamətindəki səylərini dəstəkləyir.

"Biz hesab edirik ki, regional inteqrasiya yalnız iqtisadi və ticarət əlaqələrinin möhkəmləndirilməsi deyil, həm də bilik mübadiləsi, potensialın inkişafı və ortaq çağırışların birgə həllidir. Bu isə nəticə etibarilə üzv ölkələrin daha inklüziv və dayanıqlı inkişafına xidmət edir", – deyə Şərəfi vurğulayıb.

"İİB-yə üzv ölkələrin maliyyə sistemlərinin dayanıqlığını gücləndirmək üçün risklərin qabaqlayıcı idarə olunmasını uzunmüddətli struktur islahatları ilə birləşdirən kompleks yanaşma tələb olunur. İqtisadiyyatın şaxələndirilməsi xarici şoklara qarşı ən effektiv müdafiə vasitəsi olaraq qalır", – o bildirib.

Şərəfinin sözlərinə görə, BƏƏ-nin təcrübəsi belə strategiyanın səmərəliliyini təsdiqləyir. O qeyd edib ki, bilik iqtisadiyyatı və innovasiyaların məqsədyönlü inkişafı sayəsində ölkənin real ÜDM-i 2025-ci ildə 5,6 faiz artıb, qeyri-neft sektorunda isə artım 6,1 faiz təşkil edib. Bu da iqtisadiyyatın xammal bazarlarındakı dalğalanmalardan asılılığını azaltmağa imkan verib.

BƏƏ Maliyyə Nazirliyinin nümayəndəsi maliyyə risklərinin məlumatların təhlili əsasında erkən aşkarlanması sistemlərinin tətbiqinin vacibliyini də vurğulayıb.

"Ölkələr yalnız böhrana reaksiya verən yanaşmadan imtina etməli və maliyyə risklərinin proqnozlaşdırılması üzrə müasir modellərə sərmayə yatırmalıdır. Buna yaxşı nümunə “IsDB Response, Recovery and Resilience” (3R) mexanizmidir. Bu mexanizm fövqəladə maliyyələşdirmənin operativ şəkildə təmin edilməsinə və böhranlara hazırlıq səviyyəsinin yüksəldilməsinə imkan verir. Belə alətlərin genişləndirilməsi hətta ən həssas dövlətlərə belə makroiqtisadi və iqlim sarsıntılarına qarşı müdafiə mexanizmləri formalaşdırmağa kömək edəcək", – deyə o bildirib.

Şərəfinin sözlərinə görə, dayanıqlığın digər mühüm amili kapitalın iqtisadiyyatın real sektoru ilə bağlılığına əsaslanan və bununla da spekulyativ "köpüklərin" yaranma riskini azaldan islam maliyyəsinin inkişafıdır.

O, çoxtərəfli əməkdaşlığın əhəmiyyətini də vurğulayıb.

"İİB platformasından ən yaxşı təcrübələrin mübadiləsi və Qlobal Cənub ölkələri arasında əməkdaşlığın inkişafı üçün istifadə etməklə dövlətlər islahatları əlaqələndirə və sistem risklərini dayanıqlı inkişaf imkanlarına çevirə bilərlər. Qlobal qeyri-müəyyənlik şəraitində dayanıqlıq fərdi vəzifə deyil, razılaşdırılmış planlaşdırma, inklüziv maliyyələşdirmə və iqtisadiyyatın uzunmüddətli şaxələndirilməsi yolu ilə əldə olunan ümumi məqsəddir", – deyə Şərəfi bildirib.

BƏƏ-də islam maliyyəsi

Maliyyə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, BƏƏ-də islam bank sektorunun inkişafının növbəti mərhələsi islam fintexi olacaq.

O xatırladıb ki, 2025-ci ildə qlobal islam maliyyəsi aktivlərinin həcmi təxminən 6 trilyon ABŞ dollarına çatıb ki, bunun da təxminən 4 trilyon dolları islam bankçılığı sektorunun payına düşüb.

"Sektor əsasən Yaxın Şərq ölkələrinin, ilk növbədə Fars körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv dövlətlərin hesabına ildə təxminən 10 faiz artmaqda davam edir. Bu ölkələrin payına qlobal islam bank aktivlərinin təxminən 50–55 faizi düşür. BƏƏ Malayziya və Səudiyyə Ərəbistanı ilə yanaşı, islam maliyyəsinin aparıcı qlobal mərkəzlərindən biridir", – deyə Şərəfi qeyd edib.

Onun sözlərinə görə, müasir normativ-hüquqi baza və yüksək rəqəmsallaşma səviyyəsi sayəsində BƏƏ islam fintexinin inkişafında da lider ölkələrdən biridir.

"Rəqəmsal transformasiyanı fəal şəkildə təşviq edən ölkə kimi biz islam fintexini islam bank sektorunun inkişafının növbəti mərhələsi hesab edirik. Müasir rəqəmsal infrastruktur bu həllərin qlobal miqyasda genişləndirilməsinə imkan verir", – o deyib.

Şərəfi həmçinin "yaşıl" sukuk və ESG ilə bağlı olan şəriət maliyyə alətləri bazarının genişləndiyini qeyd edib.

""Fitch"in məlumatına görə, 2025-ci ildə BƏƏ dollarla ifadə olunan sukuk emissiyası üzrə dünyada ikinci, ESG-sukuk emissiyası üzrə isə üçüncü ən böyük emitent olub", – o əlavə edib.

CEPA Azərbaycanla iqtisadi inteqrasiyanı dərinləşdirəcək

"Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında möhkəm strateji tərəfdaşlıq mövcuddur və bu tərəfdaşlıq 15 aprel 2026-cı il tarixində qüvvəyə minmiş Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi (CEPA) sayəsində daha da möhkəmlənib. Bu saziş investisiya axınlarının stimullaşdırılması, ticarət və maliyyə xidmətlərinin inkişafı, o cümlədən kiçik və orta sahibkarlıq subyektləri üçün maliyyələşdirmə imkanlarının genişləndirilməsi baxımından mühüm baza rolunu oynayır", – o bildirib.

Şərəfinin sözlərinə görə, 2022-ci ilin sonuna olan məlumata əsasən, BƏƏ-nin Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 1,1 milyard ABŞ dollarını ötüb.

O vurğulayıb ki, sazişin xidmətlərlə ticarətə həsr olunmuş bölməsi iqtisadi inteqrasiyaya yeni təkan verə və hər iki ölkənin özəl sektoru arasında əməkdaşlıq üçün əlavə imkanlar aça bilər.

"Bu, qarşılıqlı faydalı xidmət ticarətinin inkişafına və dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına töhfə verəcək", –deyə BƏƏ Maliyyə Nazirliyinin nümayəndəsi bildirib.

Şərəfi həmçinin xatırladıb ki, iki ölkə arasında 28 avqust 2007-ci il tarixindən qüvvədə olan ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş mövcuddur.

"Bu sənəd gəlir və kapitalın ikiqat vergiyə cəlb olunmasının qarşısını alır, hər iki yurisdiksiyada fəaliyyət göstərən investorlar və şirkətlər üçün vergi hüquqlarının bölüşdürülməsi məsələlərinə aydınlıq gətirir və ikitərəfli investisiyaların daha da inkişafını dəstəkləyir", – o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti