Bakı.Trend:
Cari ilin yanvar-may aylarında Azərbaycandan Almaniyaya ixrac edilən neftin həcmi açıqlanıb.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dərc etdiyi xarici ticarətin gömrük statistikasına əsasən, yanvar-may aylarında Azərbaycandan Almaniyaya 210,9 milyon ABŞ dolları dəyərində 360,3 min ton bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub.
Komitənin məlumatına görə, bu göstərici dəyər ifadəsində 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 66,1 milyon ABŞ dolları və ya 23,9 faiz, həcm baxımından isə 140,9 min ton və ya 28,1 faiz azdır.
Qeyd olunur ki, ötən ilin yanvar-may aylarında Azərbaycandan Almaniyaya 277 milyon ABŞ dolları dəyərində 501,2 min ton bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac edilib.
Onu da qeyd edək ki, cari ilin yanvar-may aylarında Azərbaycandan dünyanın digər ölkələrinə ümumilikdə 5,121 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış 8,828 milyon ton xam neft və neft məhsulları ixrac olunub.
2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 522 milyon ABŞ dolları və ya 9,2 faiz, fiziki həcm baxımından isə 1,535 milyon ton və ya 14,8 faiz azalıb.
Cari ilin yanvar-may aylarında Azərbaycan neftinin əsas idxalçıları sırasında ilk üçlükdə İtaliya (5,339 milyon ton, 3,021 milyard ABŞ dolları) qərarlaşıb. Sonrakı yerlərdə Rumıniya (461,3 min ton, 247,8 milyon ABŞ dolları) və Çexiya (433,1 min ton, 245,7 milyon ABŞ dollarından çox) yer alıb.
