Bakı.Trend:
Avtomobildə keyfiyyətli ehtiyat hissələrinə ehtiyac var, “boz bazar”a qarşı isə dövlət tərəfindən daha ciddi addımlar atılmalıdır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri nəqliyyat eksperti Elməddin Muradlı “Təhlükəsiz Mobilliyə Doğru” adlı konfransda çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, son üç il ərzində bu mövzu ilə bağlı dəfələrlə materiallar hazırlanıb və ictimaiyyətin diqqəti keyfiyyətsiz ehtiyat hissələrinin yaratdığı təhlükələrə yönəldilib.
“Avtomobildə keyfiyyətli ehtiyat hissələrinə ehtiyac var. Sürücüləri və sahibkarları narahat edən əsas məsələlərdən biri də “boz bazar”dır. Dövlətin bu sahədə əlavə addımlar atmasına ehtiyac var”, – deyə ekspert bildirib.
E.Muradlı qeyd edib ki, yol hərəkəti təhlükəsizliyinə təsir göstərən amillərdən biri də keyfiyyətsiz və mənşəyi məlum olmayan ehtiyat hissələrinin istifadəsidir. Onun sözlərinə görə, xüsusilə yanacaq filtri kimi vacib hissələrin keyfiyyətsiz quraşdırılması yanacaq sisteminə ciddi zərər vura və avtomobilin təhlükəsiz istismarını risk altına qoya bilər.
Ekspert vurğulayıb ki, ehtiyat hissələrinin orijinal olması və qanunvericiliyin tələblərinə uyğun şəkildə ölkəyə idxal edilməsi həm şəffaflığın təmin olunmasına, həm sağlam rəqabətin formalaşmasına, həm də dövlət büdcəsinə daxilolmaların artmasına xidmət edir.
O əlavə edib ki, əvvəllər avtomobillərin və ehtiyat hissələrinin ucuz qiymətə satılması alıcıları sevindirsə də, sonradan bunun arxasında keyfiyyətsiz və ya saxta məhsulların dayandığı məlum olur ki, bu da həm sürücülər, həm də dövlət üçün ciddi problemlər yaradır.
