Bakı. Trend:
Pirat məhsulların gömrük nəzarəti zamanı aşkarlanmasında gömrük əməkdaşlarının hazırlığı və məlumatlılığı əsas amillərdən biridir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri Gömrük Siyasəti Baş İdarəsinin Ticarət siyasəti idarəsinin rəisi Əliəkbər Heydərov “Təhlükəsiz Mobilliyə Doğru” adlı konfransda deyib.
Onun sözlərinə görə, gömrük orqanları məhsulların mənşə ölkəsi, qiyməti və digər risk göstəriciləri üzrə məlumatları təhlil edir.
“Elə hallar olur ki, orijinal məhsul bir ölkədən, qeyri-orijinal və ya pirat məhsul isə başqa ölkədən gətirilir. Eyni zamanda həmin məhsulların qiymət və dəyər göstəriciləri də öyrənilir. Bu məlumatlar süni intellekt və avtomatlaşdırılmış risk idarəetmə sisteminə daxil edilir və sistem tərəfindən yoxlanılır”, – deyə o bildirib.
Ə.Heydərov qeyd edib ki, bəzi şirkətlər gömrük əməkdaşları üçün xüsusi təlimlər keçirir və həmin təlimlərdə orijinal və pirat məhsulların fərqləndirilməsi izah olunur.
“Bu biliklər gömrük nəzarəti və rəsmiləşdirmə zamanı əməkdaşlara məhsulları daha düzgün qiymətləndirməyə imkan verir”, – deyə o vurğulayıb.
İdarə rəsi əlavə edib ki, əqli mülkiyyət obyektlərinin gömrük reyestrinə daxil edilib-edilməməsindən asılı olmayaraq, onların hüquqi qüvvəsi eynidir.
“Sadəcə reyestrdə olan məlumatlar bizim üçün əlavə və güclü nəzarət vasitəsidir. Gömrük əməkdaşları həmin məlumatlardan istifadə etməklə nəzarəti daha səmərəli şəkildə həyata keçirirlər”, – deyə Ə.Heydərov bildirib.
