İran Azərbaycan vasitəsi ilə Rusiyadan elektrik idxal etmək niyyətindədir

Dünya xəbərləri Materials 14 İyul 2026 13:47 (UTC +04:00)
İran Azərbaycan vasitəsi ilə Rusiyadan elektrik idxal etmək niyyətindədir
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran əsasən yayda Azərbaycan vasitəsi ilə Rusiyanın cənubundan məhdud şəkildə elektrik idxal etmək niyyətindədir.

Bu, İranın Energetika Nazirliyinin məlumatında öz əksini tapıb.

13 iyulda İranın energetika naziri Abbas Əliabadi Tehranda Rusiyanın energetika naziri Sergey Tsivilyevlə görüşərək danışıqlar aparıb.

"Görüşdə 2019-cu ildə İranın “Monenko” şirkəti tərəfindən aparılan iqtisadi araşdırmanın nəticələri nəzərə alınaraq Azərbaycan vasitəsilə İran və Rusiyanın elektrik şəbəkəsinin sinxronlaşdırılması diqqət mərkəzində saxlanılıb. Üç ölkənin energetika nazirləri arasında üçtərəfli işçi qrupunun təşkil olunmasının önəmi qeyd olunub. Şərait yarandığı halda Rusiyanın cənubundan xüsusilə yayda elektrikin İrana nəql edilməsinin mümkünlüyü nəzərdən keçirilib”, - deyə məlumatda qeyd olunur.

Görüşdə İranın energetika naziri Abbas Əliabadi bildirib ki, İran və Rusiya arsında birgə işçi qrupunun təşkil olunması üzrə razılıq əldə olunub. Bu işçi qrupu birgə layihələrin irəlilədilməsi, o cümlədən iki ölkənin elektrik şəbəkəsinin sinxronlaşdırılmasına şərait yaradacaq.

Görüşdə Rusiyanın energetika naziri Sergey Tsivilyev də iki tərəfin bərpa oluna bilən enerjilər, elektrik enerjisinin ehtiyatda saxlanılması, elektrik enerjisinin nəqli layihələrinə önəm verdiyini bildirib və deyib ki, İranın Sirik İstilik Elektrik Stansiyasının tikilməsi ilə əlaqədar bəzi məslələr araşdırılmaqdadır. Podratçı şirkətlər müqavilə əsasında layihə çərçivəsində işləri davam etdirir. İki ölkənin energetika nazirliklərinin əməkdaşlığı ilə bu stansiyanın tikintisi ilə əlaqədar mövcud problemlərin aradan qaldırılması istiqamətində addımların atılacağı gözlənilir.

Qeyd edək ki, İranda yay aylarında elektrik çatışmazlığı pik həddə çatır. İran bir sıra yerli planlar həyata keçirməklə qonşu ölkələrdən idxalla elektrik enerjisi çatışmazlığının aradan qaldırılması istiqamətində səylər göstərir.

Bildirək ki, iyun ayının ortalarında İranın energetika naziri Abbas Əliabadi bildirib ki, hazırda ölkənin elektrik stansiyalarının elektrik istehsalı potensialı 100 min 500 meqavatı keçib. Hazırkı hökumətin (İranın hazırkı hökuməti avqust 2024-dən iqtidardadır) sonuna qədər İranın elektrik istehsalı potensialının 130 min meqavata yüksəldilməsinə səy göstərilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti