Bakı. Trend:
Avropa İttifaqı (Aİ) və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) bütün dövlətlərin Hörmüz boğazında gəmiçilik hüququnu təsdiqləyib və İranın ticarət gəmilərinə hücumlarını pisləyib.
Bu barədə tərəflərin birgə bəyanatında bildirilib.
"Avropa İttifaqı və Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası (KƏDƏŞ) beynəlxalq gəmiçiliyin istifadə etdiyi Hörmüz boğazından keçid hüququ da daxil olmaqla, gəmiçilik azadlığının BMT-nin Dəniz Hüququ Konvensiyasında əks olunduğu kimi beynəlxalq hüquqla təmin edildiyini bir daha təsdiq edirlər. Bu hüquqlar bütün dövlətlərin gəmilərinə məxsusdur və heç bir dövlət tərəfindən dayandırıla, məhdudlaşdırıla və ya hər hansı şərtlə bağlana bilməz", - deyə bildirilib.
Çərşənbə axşamına keçən gecə yayılan sənədi bir gün əvvəl Brüsseldə keçirilmiş Aİ–KƏDƏŞ Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Yüksək Səviyyəli Forumunun həmsədrləri – Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas və Körfəz Əməkdaşlıq Şurasına sədrlik edən Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif Əz-Zəyani imzalayıblar.
Bəyanatda vurğulanıb ki, Aİ və Körfəz Əməkdaşlıq Şurası "İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə, eləcə də Bəhreyn, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman və İordaniya da daxil olmaqla regiondakı dövlətlərin suveren ərazilərinə etdiyi hücumları ən sərt şəkildə pisləyir".