Şuşa.Trend:
IV Şuşa Qlobal Media Forumu çərçivəsində "Media diplomatiyası və media savadlılığının etimadın bərpasındakı rolu" mövzusunda panel sessiyası keçirilib.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, müzakirələr zamanı spikerlər media diplomatiyasının ölkələr arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində, dezinformasiyaya qarşı mübarizədə və ictimai etimadın bərpasındakı rolunu müzakirə ediblər.
İştirakçılar media savadlılığının artırılması, tənqidi düşüncənin inkişafı, informasiyanın məsuliyyətli istehlakının təşviqi, eləcə də informasiya təhdidlərinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətinə xüsusi diqqət yetiriblər.
Tədbirdə çıxış edən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibinin müavini Çjan Lin bildirib ki, Asiyada dayanıqlı sülh və təhlükəsizlik yalnız dialoq, qarşılıqlı anlaşma və əməkdaşlıq sayəsində mümkün ola bilər və beynəlxalq media xalqlar arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır.
"Asiyanın təhlükəsizliyi və rifahı yalnız dialoq və əməkdaşlıq yolu ilə təmin oluna bilər. Üzv dövlətlər arasında fikir ayrılıqları və bəzən mürəkkəb münasibətlərə baxmayaraq, biz qarşıdurma əvəzinə dialoqa, təcrid əvəzinə isə əməkdaşlığa üstünlük verməyə davam edirik. Məhz bu yanaşma etimadı möhkəmləndirməyə və uzunmüddətli tərəfdaşlıq üçün şərait yaratmağa imkan verir", - deyə Çjan Lin bildirib.
Onun sözlərinə görə, Asiya ölkələrinin müxtəlifliyi maneə deyil, regionun əsas üstünlüklərindən biridir.
"Biz Asiyanın müxtəlifliyini ən böyük gücümüz hesab edirik. İnsanlar arasında qarşılıqlı anlaşma olmadan möhkəm sülh və dayanıqlı təhlükəsizlik mümkün deyil. Məhz buna görə də beynəlxalq kütləvi informasiya vasitələri bu gün xüsusilə mühüm rol oynayır", - deyə o qeyd edib.
Çjan Lin vurğulayıb ki, peşəkar və məsuliyyətli jurnalistika xalqlar arasında qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.
"Ortaq dəyərlər, ümumi çağırışlar, mədəni irs və insan hekayələri haqqında danışmaqla media insanların bir-birini daha yaxşı başa düşməsinə kömək edir. İnsanlar ölkələri ayıran deyil, onları birləşdirən məqamları gördükdə etimad təbii şəkildə formalaşır. Etimad olan yerdə isə əməkdaşlıq və tərəfdaşlıq üçün imkanlar yaranır", - deyə AQEM baş katibinin müavini əlavə edib.
