Şuşa.Trend:
Süni intellekt media üçün yeni imkanlar açır, lakin jurnalistikada yenə də insanın yaradıcı yanaşması və unikal məzmun yaratmaq bacarığı əsas amil olaraq qalacaq.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşünas IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən "Media üfüqü: süni intellekt, vizual hekayəçilik və yeni nəslin təcrübəsi" mövzusunda panel sessiyada çıxışı zamanı deyib.
"Süni intellektin meydana gəlməsi ilə informasiya daha əlçatan olub. Bu gün demək olar ki, hər kəs kontent yarada və onu geniş auditoriya ilə paylaşa bilir. Gələcəkdə süni intellekt informasiyanı daha da fərdiləşdirəcək və hər bir istifadəçiyə onun maraqlarına uyğun kontent təqdim edəcək. Bu isə medianın inkişafı və auditoriya ilə qarşılıqlı əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaradır", - deyə Pərdəşünas bildirib.
Onun sözlərinə görə, süni intellekt artıq müasir redaksiyaların gündəlik fəaliyyətinin bir hissəsinə çevrilərək jurnalistlərə müxtəlif vəzifələrin icrasında kömək edir.
"Süni intellekt jurnalistin, redaktorun, korrektorun və tərcüməçinin köməkçisi kimi çıxış edə bilər. Lakin yaradıcı düşüncə, müəllif baxışı və informasiyanı müstəqil təhlil etmək bacarığı hər zaman tələbatda olacaq. Əgər jurnalist özünəməxsus, unikal kontent yaradır və auditoriyaya yeni ideyalar təqdim edirsə, onu texnologiyalar əvəz edə bilməz", - deyə o qeyd edib.
Pərdəşünas vurğulayıb ki, süni intellektin inkişafı birbaşa insandan asılıdır.
"Süni intellektin inkişafının əsas mənbəyi insanlar tərəfindən yaradılan məlumatlar və kontentdir. Məhz insan yaradıcılığı bu texnologiyaların gələcək təkmilləşdirilməsinin təməlini təşkil edir. Buna görə də süni intellekt və insan rəqabət aparmamalı, bir-birini tamamlamalıdır", - deyə texnobloqer əlavə edib.
