Bakı.Trend:
"Gündə 10 min addım atmaq lazımdır" fikrinin elmi əsaslara söykənmədiyini bilmək vacibdir.
Bu fikirləri "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" verilişində
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin
Məmmədov səsləndirib.
Onun sözlərinə görə, gündə 10 min addım rəqəmi əslində elmi
araşdırmalardan deyil, onilliklər əvvəl Yaponiyada istehsal olunan
addımsayan cihazın reklam kampaniyasından yaranıb. Elm isə daha
nikbin nəticələr ortaya qoyur: “Gündə təxminən 7000 addım atan
insanlarda erkən ölüm riski 2000 addım atanlarla müqayisədə
təxminən 47 faiz, yəni demək olar ki, iki dəfə azalır. Bununla
yanaşı, bu səviyyədə fiziki aktivlik demans, depressiya və 2-ci tip
diabet riskinin azalması ilə də əlaqələndirilir”.
Mütəxəssis-ekspert qeyd edib ki, digər genişmiqyaslı tədqiqatlar
göstərir ki, sağlamlıq üçün fayda artıq gündə 4000 addımdan
başlayır və hər əlavə 1000 addım erkən ölüm riskini orta hesabla
7–15 faiz azalda bilər. Yəni əsas məqsəd mütləq 10 min addıma
çatmaq deyil. Əsas məsələ oturaq həyat tərzindən uzaqlaşaraq
gündəlik hərəkəti artırmaqdır: “Xüsusilə yaşlı insanlar üçün gündə
6000–8000 addım optimal hesab edilir. Addımları bir qədər sürətli
templə atmaq isə əlavə fayda verir. Bundan başqa, yeməkdən sonra
10–15 dəqiqə piyada gəzmək qanda şəkərin yüksəlməsini əhəmiyyətli
dərəcədə azaldır”.
Emin Məmmədov bildirib ki, 40 yaşdan sonra vitamin və mineral
əlavələrini kor-koranə qəbul etmək düzgün yanaşma deyil: “Ən doğru
yol əvvəlcə qan analizləri verməkdir. Orqanizmdə çatışmazlığı
olmayan vitaminlərin qəbulunun faydası yoxdur, bəzi hallarda isə
zərərli ola bilər. Yaş artdıqca isə həm bəzi maddələrin
mənimsənilməsi zəifləyir, həm də orqanizmin onlara ehtiyacı
dəyişir. Bu səbəbdən 40 yaşdan sonra xüsusilə D vitamininə diqqət
yetirmək lazımdır. B12 vitamininin mənimsənilməsi yaş artdıqca mədə
turşuluğunun azalması səbəbindən zəifləyir. Maqnezium və kalsium
sümük sıxlığının qorunması, əzələ və sinir sisteminin normal
fəaliyyəti üçün vacibdir. Omeqa-3 yağ turşuları isə ürək-damar
sistemi və beyin sağlamlığına müsbət təsir göstərir”.
Lakin bir daha vurğulamaq istəyirəm ki, bu əlavələr 'hər ehtimala
qarşı' deyil, yalnız analiz nəticələri və həkim tövsiyəsi əsasında
qəbul edilməlidir.
