Bakı.Trend:
İraq Prokurorluğu ölkənin dövlət büdcəsinin gəlir hissəsindən üç il ərzində uçota alınmamış şəkildə 140 milyard ABŞ dollarının yoxa çıxması iddiası ilə bağlı halların dərhal araşdırılmasına göstəriş verib.
Bu barədə İraq parlamentinin Hüquq Komitəsinin üzvü və prokurorluğa müraciətin təşəbbüskarı Məhəmməd əl-Həfədci məlumat verib.
"İstintaq orqanları dövlət gəlirlərindən 140 milyard ABŞ dolları həcmində vəsaitin yoxa çıxması və həmin vəsaitin taleyinin müəyyənləşdirilməsi ilə bağlı rəsmi araşdırmaya başlayıblar", – deyə iraqlı deputatın sözlərini Shafaq News xəbər portalı sitat gətirib.
Əl-Həfədci bildirib ki, hüquqi prosedurlar bu ilin iyun ayının sonunda Baş Prokurorluğun rəhbərliyinə göndərilmiş rəsmi müraciət və hesabat əsasında başlanıb.
Onun sözlərinə görə, deputat sorğusu ilə birlikdə 2023–2026-cı illərdə maliyyə nazirinin müavini vəzifəsində çalışmış Məsud Heydərin kompakt diskə yazılmış ifadələri də təqdim edilib.
Keçmiş nazir müavini ifadəsində etiraf edib ki, İraqın üç il ərzində əldə etdiyi gəlirlərdən 140 milyard ABŞ dollarının nə vaxt və necə xərcləndiyi ona məlum deyil.
