Bakı. Trend:
Ukraynanın Odessa sahilləri yaxınlığında yerli vaxtla saat 15:15 radələrində Türkiyənin "Okean Maritime" şirkətinə məxsus Atlas Bey adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb.
Bu barədə Azərbacan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
"Gəmidə ekipaj üzvlərindən 11-i Azərbaycan Respublikasının vətəndaşıdır. Məlumata görə, Azərbaycan vətəndaşı olan gəmi kapitanı istisna olmaqla, ekipajın digər üzvləri Odessa şəhərində sahilə çıxarılıb. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Gəmi kapitanının axtarışı istiqamətində tədbirlər görülür. Azərbaycanın Ukraynadakı Səfirliyi aidiyyəti qurumlarla daimi əlaqə saxlayır, Azərbaycan vətəndaşlarına zəruri konsulluq dəstəyinin göstərilməsi istiqamətində müvafiq tədbirlər görür", - məlumatda bildirilib.
