Bakı.Trend:
Azərbaycan təxminən on ildir ki, Əməkdaşlıq Bəyannaməsi (DoC) çərçivəsində OPEC+ formatı vasitəsilə qlobal neft bazarında sabitliyin təmin olunmasına fəal və məsuliyyətli şəkildə töhfə verir.
Trend-in tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, bunu Bakıda keçirilən OPEC+ Əməkdaşlıq Xartiyası çərçivəsində ilk iclasda Azərbaycanın Energetika naziri Pərviz Şahbazov bildirib.
"Təsadüfi deyil ki, 1846-cı ildə Bibiheybətdə sənaye üsulu ilə qazılmış dünyanın ilk neft quyusunun təsviri Vyanada yerləşən OPEC Katibliyinin mənzil-qərargahında xüsusi yer tutur.
Bu gün Bakı təkcə zəngin neft irsi ilə tanınmır, həm də qlobal enerji dialoqunun aparıcı mərkəzlərindən biridir.
Məhz burada beynəlxalq əməkdaşlığın inkişafına töhfə verən çoxsaylı təşəbbüslər irəli sürülür, ən mühüm strateji məsələlər müzakirə olunur və gələcək qlobal enerji gündəliyi formalaşdırılır.
Azərbaycan üçün energetika yalnız iqtisadi inkişafın əsası deyil, həm də etibarlı tərəfdaşlığın, qarşılıqlı etimadın və ümumi məsuliyyətin rəmzidir.
Bu prinsipləri rəhbər tutaraq Azərbaycan qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, bazarın sabitliyinin təmin olunmasına və beynəlxalq əməkdaşlığın inkişafına ardıcıl şəkildə töhfə verir", – deyə nazir bildirib.
O, həmçinin vurğulayıb ki, ölkənin OPEC+ formatında fəal və konstruktiv iştirakı bu prinsiplərə sadiqliyinin bariz təsdiqidir.
"Azərbaycan Əməkdaşlıq Bəyannaməsinin iştirakçısı olan ölkə kimi artıq təxminən on ildir ki, OPEC+ platforması vasitəsilə tələb və təklif arasında tarazlığın qorunması məqsədilə qlobal neft bazarında sabitliyin təmin olunmasına fəal və məsuliyyətli şəkildə töhfə verir", – deyə Pərviz Şahbazov qeyd edib.
