Azərbaycan banklarına sürətli pul köçürmələri ilə daxil olan vəsaitin həcmi açıqlanıb

İqtisadiyyat Materials 14 İyul 2026 18:35 (UTC +04:00)
Azərbaycan banklarına sürətli pul köçürmələri ilə daxil olan vəsaitin həcmi açıqlanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

May ayında sürətli pul köçürmə sistemləri vasitəsilə Azərbaycan banklarına daxil olan vəsaitin həcmi açıqlanıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statistik bülletendə bildirilib.

Məlumata əsasən, cari ilin may ayında sürətli pul köçürmə sistemləri vasitəsilə banklara 189,7 milyon manat həcmində vəsait daxil olub. Bu dövrdə 246,6 min əməliyyat həyata keçirilib.

Ötən ilin may ayı ilə müqayisədə əməliyyatların sayı 53,9 min və ya 17,9 faiz azalıb, daxil olan vəsaitin həcmi isə 32,6 milyon manat və ya 20,7 faiz artıb.

Hesabat dövründə bir köçürmənin orta məbləği 769,2 manat təşkil edib ki, bu da 2025-ci ilin may ayı ilə müqayisədə 246,5 manat və ya 47,2 faiz çoxdur.

Qeyd edək ki, Mərkəzi Bankın məlumatına əsasən, may ayının sonuna bank sistemi və "Azərpoçt" MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 309 min artaraq 22 milyon 827 min ədədə çatıb.

"Müvafiq dövr ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 12 faiz artıb. Bu zaman debet kartlarının sayı 13 faiz artdığı halda, kredit kartlarının sayı 3 faiz azalıb. Ödəniş kartlarının sayındakı artım nağdsız hesablaşmaların həcminə müsbət təsir göstərib. Belə ki, ilin əvvəlindən etibarən ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artıb", - deyə AMB-nin məlumatında qeyd olunub.

Hazırda Azərbaycanda vahid AZQR standartı əsasında QR ödəniş sisteminin mərhələli tətbiqi davam edir. AMB-dən Trend-ə verilən özəl müsahibədə bildirilib ki, banklar artıq sistemlə texniki inteqrasiyanı başa çatdırıblar və funksionallıq tədricən POS terminallarında və mobil bank tətbiqlərində istifadəyə verilir.

"Növbəti inkişaf mərhələsi transsərhəd QR ödənişlərinin tətbiqi ola bilər. Bunun üçün Azərbaycan Ani Ödəniş Sistemi ilə digər ölkələrin analoji sistemləri arasında qarşılıqlı inteqrasiya imkanları nəzərdən keçirilir. Hazırda tənzimləyici bu sahədə beynəlxalq təcrübəni öyrənir. Prioritet istiqamətlər gündəlik pərakəndə hesablaşmalarda QR ödənişlərinin istifadəsinin genişləndirilməsi, istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və ekosistemdə iştirak edən banklar arasında tam uyğunluğun təmin edilməsidir", - deyə Mərkəzi Bank qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti