Bakı.Trend:
Konstitusiya Məhkəməsinin yaradılmasının 28-ci ildönümü münasibətilə məhkəmədə tədbir keçirilib.
Bu barədə Konstitusiya Məhkəməsi məlumat yayıb.
Bildirilib ki, əvvəlcə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, hakimlər və Aparatın məsul əməkdaşları Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Daha sonra akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı önünə tər çiçəklər düzülüb.
Konstitusiya Məhkəməsində keçirilən tədbirdə çıxış edən sədr Fərhad Abdullayev məhkəmənin ötən 28 il ərzində keçdiyi inkişaf yolundan, ölkədə konstitusiya ədalət mühakiməsinin formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, Konstitusiya Məhkəməsi Konstitusiyanın aliliyinin təmin olunması, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, hüququn aliliyinin möhkəmləndirilməsi və konstitusiya nəzarətinin həyata keçirilməsində mühüm rol oynayır.
Tədbirdə vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar məhkəmə-hüquq sisteminin müasir tələblərə uyğun inkişafına, hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsinə və konstitusiya ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına töhfə verir.
Həmçinin Konstitusiya Məhkəməsinin beynəlxalq əməkdaşlığı, müxtəlif ölkələrin konstitusiya məhkəmələri və beynəlxalq təşkilatlarla əlaqələrinin inkişafı, eləcə də konstitusiya hüququ sahəsində qabaqcıl təcrübənin öyrənilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
Tədbir çərçivəsində Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə ixtisas dərəcələri verilmiş Konstitusiya Məhkəməsi Aparatının məsul əməkdaşlarına vəsiqələr təqdim olunub.
Sədr Fərhad Abdullayev əməkdaşların əməyinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək, bunun gələcək fəaliyyət üçün mühüm stimul olduğunu bildirib.
Tədbirin sonunda isə “Süni intellekt əsaslı rəqəmsal Konstitusiya Məhkəməsi sistemi”nin təqdimatı keçirilib. Təqdimatda süni intellekt texnologiyalarının məhkəmənin iş prosesində tətbiqi, fəaliyyətin rəqəmsallaşdırılması, məlumatlara operativ çıxışın təmin edilməsi, məhkəmə təcrübəsinin sistemləşdirilməsi və hüquqi araşdırmaların daha çevik aparılması imkanları nümayiş etdirilib. Bildirilib ki, rəqəmsal texnologiyalar və süni intellekt həlləri gələcəkdə Konstitusiya Məhkəməsinin fəaliyyətinin səmərəliliyinin artırılmasına mühüm töhfə verəcək.
