Bakı. Trend:
Gəncədə keçirilən yas mərasimində baş verən hadisə ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.
Bu barədə AQTA-dan məlumat verilib.
"14 iyul 2026-cı il tarixində Gəncə şəhərində keçirilən yas mərasimində baş verən hadisə ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.
İlkin məlumata görə, özlərini narahat hiss edən şəxslərə müvafiq tibbi yardım göstərilib. Onlara ilkin olaraq dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu qoyulub. Həkim müayinəsindən sonra vəziyyətləri qənaətbəxş qiymətləndirilib və evə buraxılıblar.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə mərasimdə təqdim olunan, məişət şəraitində hazırlanmış qida məhsullarından nümunələr götürülərək laborator müayinəyə təqdim edilib.
Araşdırmalar davam etdirilir", - deyə məlumatda bildirilir.
XXX
21:34
Gəncədə keçirilən yas mərasimində zəhərlənmə şübhəsi ilə 5 nəfər xəstəxanaya yerləşdirilib.
TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə əlaqədar 14 iyul 2026-cı il tarixində saat 17:50 radələrindən etibarən 2-si azyaşlı olmaqla 5 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Abbas Səhhət adına Xəstəxanaya və Uşaq Xəstəxanasına hospitalizasiya olunub.
Məlumata görə, zərərçəkənlər arasında 1 kişi, 2 qadın, 1 azyaşlı oğlan və 1 azyaşlı qız var.
Zəhərlənmə şübhəsi ilə hospitalizasiya edilən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib. Hazırda onların müalicəsi davam etdirilir.
TƏBİB-dən bildirilib ki, 4 nəfərin vəziyyəti stabil, 1 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.
