Bakı. Trend:
“IV Şuşa Qlobal Media Forumu bir daha nümayiş etdirdi ki, müasir
dövrdə informasiya məkanı qlobal siyasətin ayrılmaz tərkib
hissəsinə çevrilib”.
Bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata
açıqlamasında deyib.
O, bildirib ki, dünyanın müxtəlif ölkələrindən media
nümayəndələrinin, ekspertlərin və beynəlxalq təşkilatların
təmsilçilərinin Şuşada bir araya gəlməsi Azərbaycanın təşəbbüsü ilə
formalaşan yeni beynəlxalq dialoq platformasının artıq davamlı
xarakter aldığını göstərir. “Forumun “Sülhün təşviqində medianın
missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması”
mövzusuna həsr edilməsi isə təsadüfi deyil. Bu gün beynəlxalq
münasibətlərdə etimadın qorunması, dezinformasiyanın qarşısının
alınması və həqiqətin müdafiəsi hər zamankından daha böyük
əhəmiyyət daşıyır.”
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin Forumun
açılışındakı çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın
informasiya siyasətinin əsas prioritetlərini aydın şəkildə ortaya
qoydu: “Dövlət başçısı vurğuladı ki, informasiya
manipulyasiyalarının geniş yayıldığı indiki şəraitdə medianın
üzərinə daha böyük məsuliyyət düşür. Həqiqətin təhrif edilməsinin
qarşısının alınması, ictimai etimadın möhkəmləndirilməsi və peşəkar
jurnalistika prinsiplərinin qorunması yalnız ayrı-ayrı dövlətlərin
deyil, bütün beynəlxalq ictimaiyyətin ortaq maraqlarına xidmət
edir.
Şuşanın belə bir beynəlxalq tədbirə ev sahibliyi etməsi də xüsusi
siyasi məna daşıyır. Vaxtilə işğalın və dağıntıların simvoluna
çevrilmiş şəhər bu gün beynəlxalq əməkdaşlıq, fikir mübadiləsi və
qlobal media dialoqunun mühüm mərkəzlərindən biri kimi çıxış edir.
Bu fakt Azərbaycanın azad olunmuş ərazilərdə həyata keçirdiyi
genişmiqyaslı bərpa və quruculuq işlərinin beynəlxalq ictimaiyyət
tərəfindən yaxından izlənildiyini və yüksək qiymətləndirildiyini
göstərir. Son illərdə Şuşada keçirilən beynəlxalq tədbirlər artıq
ənənəyə çevrilib. Qlobal Media Forumu da bu ənənənin mühüm
hissəsidir. Burada müxtəlif baxışların, fərqli media məktəblərinin
və müxtəlif coğrafiyaları təmsil edən jurnalistlərin açıq dialoqa
cəlb olunması Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi önəmi
nümayiş etdirir. Belə platformalar yalnız peşəkar təcrübə
mübadiləsinə deyil, həm də xalqlar arasında qarşılıqlı anlaşmanın
möhkəmlənməsinə xidmət edir. Müasir dövrdə informasiya
təhlükəsizliyi milli təhlükəsizliyin əsas istiqamətlərindən biri
hesab olunur. Süni intellekt texnologiyalarının sürətlə inkişaf
etdiyi, saxta məlumatların və manipulyativ informasiya axınlarının
artdığı bir şəraitdə medianın məsuliyyətli fəaliyyəti xüsusi
aktuallıq qazanır. Bu baxımdan Prezident İlham Əliyevin Forum
çərçivəsində səsləndirdiyi yanaşmalar təkcə Azərbaycan üçün deyil,
qlobal media məkanı üçün də aktual çağırışlar kimi qiymətləndirilə
bilər. IV Şuşa Qlobal Media Forumu göstərir ki, Azərbaycan artıq
təkcə regional siyasi proseslərin deyil, beynəlxalq informasiya
gündəliyinin formalaşmasına da töhfə verən ölkələr sırasında yer
alır. Şuşadan dünyaya ünvanlanan əsas mesaj isə aydındır: sülhün
möhkəmləndirilməsi, etimadın bərpası və həqiqətin müdafiəsi yalnız
məsuliyyətli media, açıq dialoq və beynəlxalq əməkdaşlıq şəraitində
mümkün ola bilər”.