Bakı.Trend:
Azərbaycanda altı ay üzrə orta illik inflyasiya açıqlanıb.
Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində dərc olunan məlumatda bildirilib.
Məlumata əsasən, 2026-cı ilin yanvar-iyun aylarında inflyasiya səviyyəsi 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artıb. Bu dövrdə ərzaq məhsulları, spirtli içkilər və tütün məmulatları üzrə qiymətlər 6,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 5,7 faiz bahalaşıb.
Komitənin məlumatına görə, 2025-ci ilin iyun ayı ilə müqayisədə illik inflyasiya 5,8 faiz olub, əvvəlki ayla müqayisədə isə istehlak qiymətləri 0,3 faiz azalıb.
"2026-cı ilin iyun ayında ərzaq məhsulları, spirtli içkilər və tütün məmulatlarının istehlak qiymətləri əvvəlki ayla müqayisədə 0,7 faiz azalıb, ötən ilin müvafiq ayı ilə müqayisədə isə 7,1 faiz artıb.
Cari ilin iyun ayında əvvəlki ayla müqayisədə qarabaşaq yarması, toyuq əti, yoğurt, qatıq, süfrə marqarini, günəbaxan və qarğıdalı yağı, limon, alma, ərik, ağbaş kələm, soğan, qazlı və qazsız su bahalaşıb. Eyni zamanda, təzə balıq, yumurta, banan, alça, çiyələk, xiyar, pomidor, şirin bibər, badımcan, yaşıl lobya, süfrə çuğunduru, sarımsaq və kartof ucuzlaşıb. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişiklik qeydə alınmayıb.
Qeyd olunur ki, iyun ayında əvvəlki ayla müqayisədə boya, mebel, avtomobillər üçün mühərrik yağı və mobil telefonlar bahalaşıb, məişət texnikası və zərgərlik məmulatları isə ucuzlaşıb.
"Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişiklik qeydə alınmayıb", - deyə komitə vurğulayıb.
"2026-cı ilin iyun ayında əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0,1 faiz, ötən ilin müvafiq ayı ilə müqayisədə isə 5,6 faiz artıb.
Əvvəlki ayla müqayisədə iyun ayında beynəlxalq sərnişin hava daşımaları və ölkədaxili turizm turlarının qiymətləri bahalaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişiklik qeydə alınmayıb", - deyə komitədən bildirilib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının may ayında açıqladığı baza proqnozuna əsasən, illik inflyasiyanın 2026-cı ildə 5,9 faiz, 2027-ci ildə isə 4,5 faiz olacağı gözlənilir.
Bununla yanaşı, son dövrdə qlobal iqtisadiyyatda baş verən dəyişikliklərin xarici inflyasiya risklərini artırdığı vurğulanıb.
AMB-nin qiymətləndirməsinə görə, dünya bazarında ərzaq və gübrə qiymətlərinin artması, nəqliyyat və logistika xərclərinin yüksəlməsi, ticarət tərəfdaşı olan ölkələrdən idxal olunan inflyasiyanın güclənməsi, eləcə də nominal effektiv məzənnənin (NEER) daha ləng möhkəmlənməsi inflyasiyaya əlavə təzyiq göstərə bilər.
Mərkəzi Bankda bildirilib ki, bu amillərin müvəqqəti, yoxsa daha davamlı xarakter daşıdığını müəyyənləşdirmək üçün onların təsiri ətraflı təhlil olunmağa davam edir.
Öz növbəsində, "KPMG Azerbaijan"ın ekspertləri Trend-ə bildiriblər ki, ərzaq məhsullarının qiymətləri ölkədə inflyasiyanın sürətlənməsinə təsir göstərən əsas amillərdən biri olaraq qalır.
"Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ərzaq inflyasiyası ümumi inflyasiya səviyyəsini üstələyir və onun artımını şərtləndirən əsas amillərdən biri olaraq qalır. Eyni zamanda, AMB-nin inflyasiyanın dekompozisiya modelinə əsasən, nominal effektiv məzənnənin (NEER) möhkəmlənməsi bu amilin nəzərə alınmadığı ssenari ilə müqayisədə inflyasiyanı təxminən 1,6 faiz bəndi azaldır", - deyə "KPMG Azerbaijan" qeyd edib.
Şirkətin analitiklərinin qiymətləndirməsinə görə, inflyasiyanın əsas hərəkətverici amilləri ev təsərrüfatlarının istehlakı, kənd təsərrüfatı məhsulları istehsalçılarının qiymətləri və Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya səviyyəsidir.
"Bu amillər daha çox müvəqqəti deyil, struktur xarakter daşıyır", - deyə analitiklər vurğulayıblar.
