Bakı. Trend:
Azərbaycanda kənd təsərrüfatında rəqəmsallaşmanın növbəti mərhələsi olaraq süni intellekt əsaslı qərarvermə sistemlərinin tətbiqi genişləndiriləcək.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova “Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, kənd təsərrüfatında rəqəmsallaşmanın əsasını 2020-ci ildən fəaliyyət göstərən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi təşkil edir. Əvvəllər əsasən subsidiya platforması kimi tanınan sistem hazırda torpaq resursları, heyvandarlıq, laboratoriyalar, fitosanitar nəzarət, toxumçuluq, aqrar xidmətlər, aqrar icarə və dövlət sifarişləri daxil olmaqla vahid rəqəmsal ekosistemə çevrilib.
İ.Qədimova bildirib ki, sistemin tətbiqi nəticəsində dövlət dəstəyi mexanizmləri tam elektronlaşdırılıb və hər il dövriyyədə olan 15 milyondan çox kağız sənəd ləğv edilib. Belə ki, əvvəllər 400 minə yaxın fermer dövlət dəstəyi almaq üçün kağız daşıyıcılarla müraciət etdiyi halda, hazırda bütün proses elektron qaydada həyata keçirilir.
Nazir müavini qeyd edib ki, toplanmış məlumat bazası artıq süni intellekt texnologiyalarının tətbiqinə imkan yaradır. Bu çərçivədə ölkədəki əkin sahələrinin avtomatik monitorinqi həyata keçiriləcək. Hazırda insan resursları ilə əkin sahələrinin yalnız təxminən 10 faizini yoxlamaq mümkün olduğu halda, yeni texnologiyalar vasitəsilə 1 milyondan çox hektar əkin sahəsinin avtomatik və daha dəqiq monitorinqi təmin olunacaq.
Onun sözlərinə görə, süni intellekt yanlış əkinlərin aşkarlanmasına, subsidiyaların daha səmərəli bölüşdürülməsinə və dövlət vəsaitindən istifadəyə nəzarətin gücləndirilməsinə imkan verəcək.
İ.Qədimova bildirib ki, yeni texnologiyalar fermerlərə konkret ərazidə hansı bitkinin daha səmərəli becərilə biləcəyini, həmin bitkinin inkişaf dövründə qarşılaşa biləcəyi iqlim və digər riskləri əvvəlcədən göstərmək imkanı yaradacaq. Bununla yanaşı, torpaq xüsusiyyətləri, iqlim göstəriciləri və uzunmüddətli məlumatlar əsasında məhsuldarlığın artırılması üçün optimal əkin modeli müəyyən ediləcək.
Nazir müavini vurğulayıb ki, bütün bu yeniliklər fermerlərin qərarverməsini asanlaşdıracaq, aqrar siyasətin daha dəqiq məlumatlar əsasında formalaşdırılmasına və kənd təsərrüfatında rəqəmsal transformasiyanın sürətlənməsinə şərait yaradacaq.
