ABŞ İraq-Suriya neft kəməri layihəsi üzrə danışıqlar aparır

Dünya xəbərləri Materials 15 İyul 2026 08:57 (UTC +04:00)
ABŞ İraq-Suriya neft kəməri layihəsi üzrə danışıqlar aparır

Bakı. Trend:

ABŞ İraqı Suriya ilə birləşdirəcək neft kəmərinin tikintisi layihəsi ilə bağlı danışıqlar aparır.

Bu barədə "Bloomberg" agentliyi məlumatlı mənbələrə istinadən xəbər verib.

Bildirilir ki, layihə neftin Hörmüz boğazından yan keçməklə nəqlinə şərait yaradacaq və bununla da İranın qlobal enerji tədarükünə təsir imkanlarını azaltmağa kömək edəcək.

Mənbələrin sözlərinə görə, ABŞ-ın Suriya və İraq üzrə xüsusi elçisi Tomas Barrak İraqdan Suriyanın Aralıq dənizi sahillərinə qədər uzanan, uzun illər istifadəsiz qalan neft kəmərinin yenidən istismara verilməsi məsələsini hər iki ölkənin rəsmiləri və şirkətləri, o cümlədən "Chevron Corp." ilə müzakirə edib. Bir neçə marşrut variantı nəzərdən keçirilsə də, əsas diqqət 20 ildən artıqdır fəaliyyət göstərməyən Kərkük–Baniyas neft kəmərinin bərpasına yönəlib.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Vaşinqtonun İraq və Suriyanın iki ölkə arasında neft kəmərinin bərpası vasitəsilə ticarət marşrutlarını genişləndirmək təşəbbüsünü dəstəklədiyini təsdiqləyib. O, həmçinin layihənin həyata keçirilməsində Amerika şirkətlərinin iştirakının gözlənildiyini bildirib.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İraqın baş naziri Əli əl-Zeydi ilə görüşü zamanı enerji sahəsində yeni sazişlərin elan olunacağını açıqlamışdı.

Xəbər lenti

Xəbər lenti