Qadın obrazı üzərindən müzakirə doğuran reklama Dövlət Komitəsindən reaksiya

Cəmiyyət Materials 14 İyul 2026 17:21 (UTC +04:00)
Qadın obrazı üzərindən müzakirə doğuran reklama Dövlət Komitəsindən reaksiya
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Son günlər sosial şəbəkə platformalarında aktyor Taleh Yüzbəyovun rol aldığı dondurma reklamı geniş müzakirələrə səbəb olub. Reklamda estetik əməliyyat keçirmiş və təbii görünüşünü qorumuş iki qadın obrazı qarşılaşdırılır. Videoçarxda xarici görünüşünə estetik müdaxilə etməyən qadının təbii tərkibli dondurmaya üstünlük verməsi vurğulanır və bu yanaşma həm məhsulun təbiiliyinə, həm də qadının təbii görünüşünə işarə kimi təqdim edilir.

Reklam qısa müddətdə sosial mediada geniş rezonans doğurub. Bəzi izləyicilər bunu təbii gözəlliyə təşviq kimi qiymətləndirsələr də, digərləri estetik əməliyyat etdirən qadınlara qarşı stereotipləri gücləndirdiyini və onları dolayı yolla mənfi kontekstdə təqdim etdiyini bildirirlər. Reklamın yaratdığı müzakirələr bir daha reklamların marketinq məqsədləri ilə yanaşı, cəmiyyətdə formalaşdırdığı mesajlar və sosial təsirləri barədə də sualları gündəmə gətirib.

Mövzu ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, sözügedən reklamda qadın və kişi rollarının ənənəvi stereotiplər çərçivəsində təqdim edildiyi, qadın obrazının isə əsasən zahiri görünüş üzərindən, obyektyönümlü dəyərləndirildiyi müəyyən olunub:

"Nəzərə almaq lazımdır ki, media və reklam məhsulları cəmiyyətin, xüsusən də uşaq və yeniyetmələrin dünyagörüşünün formalaşmasında həlledici rola malikdir. Gender stereotiplərini təşviq edən birtərəfli məzmunlar bir qayda olaraq sağlam ictimai münasibətlərin inkişafına mənfi təsir göstərməklə yanaşı, müasir cəmiyyətin mənəvi dəyərlərinə və insan ləyaqətinə hörmət prinsipinə də ziddir".

Komitədən qeyd edilib ki, məsələnin hüquqi müstəvisinə gəldikdə, belə təqdimatlar mövcud qanunvericiliyin fundamental tələbləri ilə qətiyyən uzlaşmır.

“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağandır. Həmçinin, “Reklam haqqında” Qanun reklam məhsullarının etik normalara tam cavab verməsini, şəxsiyyəti alçaldıcı, ayrı-seçkiliyi təbliğ edən və cəmiyyətdə mənfi davranış modelləri formalaşdıran elementlərin yolverilməzliyini mütləq şərt kimi təsbit edir.

Odur ki, hər bir reklam məhsulu kommersiya maraqları ilə yanaşı, dərin sosial məsuliyyət də daşımalıdır. Bu baxımdan, hər hansı bir məqsədə xidmət edən layihələrin reallaşdırılması zamanı istər qadınların, istərsə də kişilərin yalnız vizual obyekt kimi deyil, intellektual potensialı, peşəkarlığı və ictimai fəallığını əks etdirən sağlam obrazlarla təqdimatı daha məqsədəuyğundur", - deyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.


Komitədən əlavə edilib ki, media və reklam sektorunda genderə həssas yanaşmanın təmin edilməsi sağlam cəmiyyətin qurulması üçün mütləqdir və bütün aidiyyəti subyektlər öz fəaliyyətlərində qanunvericiliyin tələblərinə, eləcə də ictimai məsuliyyət prinsiplərinə ciddi riayət etməlidirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti