Azərbaycan etibarlı beynəlxalq dialoq platformasına çevrilib - Ayaz Mirzəyev

Siyasət Materials 14 İyul 2026 18:14 (UTC +04:00)
Azərbaycan etibarlı beynəlxalq dialoq platformasına çevrilib - Ayaz Mirzəyev
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan son illərdə beynəlxalq dialoq platforması kimi öz mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib. COP29, Qlobal Cənub QHT Platforması, Dünya Şəhərsalma Forumu və Şuşa Qlobal Media Forumu kimi tədbirlər göstərir ki, ölkəmiz müxtəlif baxışların, mədəniyyətlərin və peşəkar yanaşmaların bir araya gəldiyi etibarlı platformaya çevrilib.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev deyib.

O bildirib ki, xüsusilə Şuşa Qlobal Media Forumu media nümayəndələri arasında açıq dialoqun, dezinformasiya ilə mübarizə, jurnalistikanın gələcəyi və süni intellekt dövründə medianın məsuliyyəti kimi qlobal məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.

"Bu cür platformalar qarşılıqlı etimadın formalaşmasına və beynəlxalq əməkdaşlığın güclənməsinə real töhfə verir", - deyə qeyd edib.

Ayaz Mirzəyevin sözlərinə görə, Şuşa hər səfərdə insanı yenidən heyrətləndirən şəhərdir:

"Burada tarixi irsin qorunması ilə müasir inkişafın vəhdəti xüsusi diqqət çəkir. Aparılan bərpa və yenidənqurma işləri şəhərin tarixi simasını qorumaqla yanaşı, onu müasir standartlara uyğun inkişaf etdirir.

Məni ən çox təsirləndirən məqamlardan biri Şuşanın yenidən beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və dünyanın müxtəlif ölkələrindən gələn media nümayəndələrinin burada sərbəst fikir mübadiləsi aparmasıdır. Bu, Şuşanın təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq dialoq məkanı kimi yeni status qazandığını göstərir".

Sədr qeyd edib ki, forumun ən böyük nəticəsi müxtəlif ölkələrdən olan media nümayəndələri arasında birbaşa ünsiyyətin və peşəkar əməkdaşlığın genişlənməsidir:

"Bu cür görüşlər stereotiplərin aradan qaldırılmasına, məlumatların ilkin mənbədən əldə edilməsinə və daha balanslı jurnalistikanın təşviqinə xidmət edir. Eyni zamanda Forum süni intellekt, rəqəmsal transformasiya, informasiya təhlükəsizliyi və media etikası kimi müasir çağırışların birgə müzakirəsi üçün mühüm platformadır. Mən inanıram ki, burada qurulan əlaqələr gələcəkdə ortaq media layihələrinin, jurnalist mübadiləsinin və beynəlxalq əməkdaşlığın genişlənməsinə təkan verəcək".

"Media bu gün yalnız informasiya ötürən vasitə deyil, həm də xalqlar arasında etimad yaradan körpüdür. Şuşa Qlobal Media Forumu isə bu körpünün daha da möhkəmlənməsinə xidmət edən nüfuzlu beynəlxalq platformalardan biridir", - deyə Ayaz Mirzəyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti