Bakı. Trend:
"Windows" əməliyyat sistemi ilə işləyən kompüterlərin istifadəçiləri yeni təhlükəsizlik sertifikatının quraşdırılması ilə bağlı problemlərdən şikayət etməyə başlayıblar.
Bu barədə "Windows Latest" nəşri məlumat yayıb.
Nəşrin jurnalistləri xatırladıblar ki, 2026-cı ilin oktyabrında "Windows" üçün "Secure Boot" təhlükəsizlik sertifikatının qüvvədə olma müddəti başa çatacaq. Bu sertifikat sistemə zərər verə biləcək saxta drayverlərin, virusların və zərərli yükləyicilərin işə salınmasının qarşısını alır. "Microsoft" artıq yenilənmiş sertifikatın yayımına başlayıb. Lakin iyulun əvvəlində məlum olub ki, bir çox istifadəçi texniki nasazlıq səbəbindən "Secure Boot"un yeni versiyasını əldə edə bilmir.
"Microsoft" bildirib ki, bəzi fərdi kompüterlər (PK) üçün yeni sertifikatların təqdimatı müvəqqəti dayandırılıb. Şirkətin izahına görə, səbəbi hələ müəyyən edilməmiş texniki nasazlıq nəticəsində "Windows" əməliyyat sistemi ilə işləyən bəzi qurğular yeniləməni qəbul edə bilmir. Korporasiya istifadəçilərə kompüter istehsalçıları tərəfindən problemi aradan qaldıracaq yeniləmə paketlərini (patch) gözləməyi tövsiyə edib.
