Bakı.Trend:
Bu ilin may ayının sonuna olan vəziyyətə görə, Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə ümumilikdə 2,998 milyard manat məbləğində74,483 milyon ödəniş əməliyyatı aparılıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik bülletendə bildirilir.
Məlumata əsasən, 2025-ci ilin eyni dövrü ilə müqayisədə əməliyyatların sayı 2,523 milyon və ya 3,5 faiz artıb, əməliyyatların məbləği isə 31 milyon manat və ya 9,4 faiz azalıb.
Qeyd edək ki, ötən ilin may ayında Azərbaycanda BKM vasitəsilə ümumilikdə 3,308 milyard manat məbləğində 71,960 milyon ödəniş əməliyyatı həyata keçirilib.
Xatırladaq ki, Banklararası Kart Mərkəzi bank kartları üzrə ödənişlərin təhlükəsiz və operativ şəkildə emalını təmin edən texnoloji və maliyyə infrastrukturudur. Mərkəz banklar arasında ödəniş məlumatlarının düzgün ötürülməsini və hesablaşmaların yekunlaşdırılmasını təmin edir.
Qeyd edək ki, Mərkəzi Bankın məlumatına əsasən, may ayının sonuna bank sistemi və "Azərpoçt" MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 309 min artaraq 22 milyon 827 min ədədə çatıb.
"Müvafiq dövr ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 12 faiz artıb. Bu zaman debet kartlarının sayı 13 faiz artdığı halda, kredit kartlarının sayı 3 faiz azalıb. Ödəniş kartlarının sayındakı artım nağdsız hesablaşmaların həcminə müsbət təsir göstərib. Belə ki, ilin əvvəlindən etibarən ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artıb", - deyə AMB-nin məlumatında qeyd olunub.
Hazırda Azərbaycanda vahid AZQR standartı əsasında QR ödəniş sisteminin mərhələli tətbiqi davam edir. AMB-dən Trend-ə verilən özəl müsahibədə bildirilib ki, banklar artıq sistemlə texniki inteqrasiyanı başa çatdırıblar və funksionallıq tədricən POS terminallarında və mobil bank tətbiqlərində istifadəyə verilir.
"Növbəti inkişaf mərhələsi transsərhəd QR ödənişlərinin tətbiqi ola bilər. Bunun üçün Azərbaycan Ani Ödəniş Sistemi ilə digər ölkələrin analoji sistemləri arasında qarşılıqlı inteqrasiya imkanları nəzərdən keçirilir. Hazırda tənzimləyici bu sahədə beynəlxalq təcrübəni öyrənir. Prioritet istiqamətlər gündəlik pərakəndə hesablaşmalarda QR ödənişlərinin istifadəsinin genişləndirilməsi, istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və ekosistemdə iştirak edən banklar arasında tam uyğunluğun təmin edilməsidir", - deyə Mərkəzi Bank qeyd edib.
