Bakı. Trend:
Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunda çalışanların sayının 40 min nəfərə çatdırılması hədəflənir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda İKT sektorunda təxminən 25 min nəfər çalışır və 2026-2028-ci illər üzrə Fəaliyyət Planı çərçivəsində bu göstəricinin 40 min nəfərə çatdırılması nəzərdə tutulur.
R.Həsənov bildirib ki, məqsəd yalnız məşğulluğun artırılması deyil, eyni zamanda süni intellekt, data analitikası və digər yüksək əlavə dəyər yaradan sahələr üzrə ixtisaslı mütəxəssislərin sayının artırılmasıdır.
Nazir müavini qeyd edib ki, bu istiqamət rəqəmsal iqtisadiyyatın inkişafı üzrə əsas nəticə göstəricilərindən biri kimi müəyyən edilib.
