OPEC baş katibi OPEC+ Əməkdaşlıq Xartiyasının nə vaxt qüvvəyə minəcəyini açıqlayıb

İqtisadiyyat Materials 15 İyul 2026 11:15 (UTC +04:00)
OPEC baş katibi OPEC+ Əməkdaşlıq Xartiyasının nə vaxt qüvvəyə minəcəyini açıqlayıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

OPEC+ Əməkdaşlıq Xartiyasının qüvvəyə minməsi 2027-ci ilin yanvar ayına planlaşdırılır.

Trend-in tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, bunu Bakıda keçirilən OPEC+ Əməkdaşlıq Xartiyası çərçivəsində ilk iclasda OPEC-in baş katibi Haysam əl-Qays bildirib.

Onun sözlərinə görə, 2026-cı il mayın 21-də keçirilən texniki görüşdə OPEC Katibliyi və Əməkdaşlıq Xartiyasına qoşulan ölkələr onun icrası üzrə planın əsas elementlərini razılaşdırıblar.

"Daha sonra, iyunun 7-də OPEC və təşkilata üzv olmayan ölkələrin 41-ci Nazirlər Görüşündə nazirlər Əməkdaşlıq Xartiyasının məqsədlərinə nail olunması üçün təklif edilən fəaliyyət planını təsdiqləyiblər. Nazirlər, həmçinin, bu planın icrasına rəhbərlik edəcək Texniki Komitənin üzvlərinin təyin edilməsi məqsədilə öz ölkələrində məsləhətləşmələr aparmağı öhdələrinə götürüblər.

May və iyun aylarında keçirilən görüşlər Əməkdaşlıq Xartiyasının iki əsas mərhələsindən birincisinin – təşkilati əsaslarının yaradılmasının başa çatdırılmasına imkan verib", – deyə o bildirib.

Baş katib qeyd edib ki, ikinci mərhələ Əməkdaşlıq Xartiyasının iş planının hazırlanmasını nəzərdə tutur.

"Bu mərhələyə tədbirlər və proqramların ətraflı siyahısı, eləcə də görüşlərin keçirilməsi qrafiki daxildir. Bu iş cari ilin dekabr ayında başa çatdırılmalı və nazirlər tərəfindən təsdiqlənməlidir. Hər iki mərhələnin tamamlanması Əməkdaşlıq Xartiyası mexanizminin işə salınması üçün zəruridir. Bu da nəzərdə tutulduğu kimi, Əməkdaşlıq Xartiyasının 2027-ci ilin yanvarında qüvvəyə minməsinə imkan verəcək. Texniki Komitənin ilk iclasının məqsədi Xartiyanın iş planını hazırlamaq və ikinci əsas mərhələnin icrasını təmin etməkdir", – deyə əl-Qays bildirib.

Onun sözlərinə görə, iclas zamanı OPEC Katibliyinin nümayəndələri Əməkdaşlıq Xartiyasının qüvvəyə minməsi planına və Texniki Komitənin iş planı layihəsinə dair iki təqdimat edəcəklər. Təqdimatlarda 2027-ci il və sonrakı dövr üçün nəzərdə tutulan tədbirlər, proqramlar və görüş cədvəli də yer alacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti