Azərbaycan Milli Mətbuat Günü münasibətilə keçirilən şahmat turnirinin qalibi müəyyən olub (FOTO)

İdman Materials 15 İyul 2026 20:38 (UTC +04:00)
Azərbaycan Milli Mətbuat Günü münasibətilə keçirilən şahmat turnirinin qalibi müəyyən olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Milli Mətbuat Günü ərəfəsində yerli KİV nümayəndələri bu dəfə diktofon və noutbuklarını şahmat taxtası ilə əvəz edərək intellektual mübarizədə ən güclünü müəyyənləşdiriblər.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə jurnalistlər arasında ənənəvi şahmat turniri keçirilib. Yarış "Bakı-2026 – Dünyanın İdman Paytaxtı" layihəsi çərçivəsində və 22 iyul – Milli Mətbuat Gününə həsr olunub.

Turnir "AĞ AT" şahmat məktəbində təşkil edilib. Yarışda müxtəlif KİV-ləri təmsil edən 14 jurnalist iki nəfərlik yeddi komanda şəklində mübarizə aparıb. Yeddi turdan ibarət blits şahmat (5 dəqiqə + hər gedişə görə 3 saniyə əlavə) yarışında iştirakçılar yalnız idman əzmi deyil, həm də strateji düşüncə, soyuqqanlılıq və gərgin vəziyyətlərdə düzgün qərar qəbul etmək bacarıqlarını nümayiş etdiriblər.

Yekun nəticələrə əsasən, 5 xal toplayan Vüqar İmanov (Trend-in müxbiri) və Ayaz Qurbanovdan ibarət komanda turnirin qalibi olub. Çempionlardan cəmi yarım xal geri qalan İlkin Vidadioğlu və İsrail Xeyrullayev ikinci yeri tutublar. İlk üçlüyü isə İman Məcidov və Seymur Baxşıyevin komandası tamamlayıb.

Turnirin xüsusi məqamlarından biri də supermatç olub. Burada builki yarışın qalibləri əvvəlki jurnalist şahmat turnirlərinin çempionu Ceyhun Əliyevlə qarşılaşıblar. İki partiyanın yekununa əsasən, təcrübəli şahmatçı üstünlüyünü təsdiqləyərək qələbə qazanıb.

Turnirin baş hakimi Ülkər Umudova olub. Açılış və mükafatlandırma mərasimini isə tanınmış idman şərhçisi Sənan Şəfizadə apararaq tədbirə səmimi və bayram ab-havası bəxş edib.

Mükafatlandırma mərasimində Azərbaycan Gənclər və İdman Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Mehdiyev və Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov qalibləri, mükafatçıları və bütün media nümayəndələrini qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə təbrik ediblər. Onlar şahmatın şəxsiyyətin intellektual inkişafındakı mühüm rolunu vurğulayaraq bildiriblər ki, bu oyun məntiqi təfəkkürün, analitik düşüncənin, təmkinin və düşünülmüş qərarlar qəbul etmək bacarığının formalaşmasına xidmət edir. Qeyd olunub ki, bu keyfiyyətlər jurnalist peşəsində də xüsusi əhəmiyyət daşıyır. Sonda qaliblərə və mükafatçılara qiymətli hədiyyələr təqdim olunub.

Turnir bir daha göstərdi ki, jurnalistləri yalnız hadisələri operativ və obyektiv işıqlandırmaq istəyi deyil, həm də hər partiyanın xarakter, iradə və ustalıq sınağına çevrildiyi intellektual idmana olan sevgi birləşdirir.

Xəbər lenti

Xəbər lenti