Bakı. Trend:
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 15-də Şərq vaxtı ilə saat 21:00-da (Bakı vaxtı ilə 16 iyul saat 05:00 - red.) İrana qarşı növbəti axşam zərbələri dalğasını başa çatdırıb.
Bu barədə Mərkəzi Komandanlıq "X" sosial şəbəkəsində bildirib.
Məlumatda bildirilir ki, ABŞ qüvvələri İranın komanda mərkəzlərinə, hava hücumundan müdafiə obyektlərinə, raket və pilotsuz uçuş aparatı imkanlarına, həmçinin sahil müşahidə infrastrukturuna zərbələr endirib. Məqsəd Hörmüz boğazından keçən kommersiya gəmilərinin heyətlərinə qarşı İranın təhdid imkanlarını daha da zəiflətmək olub. CENTCOM Bandar-Abbas da daxil olmaqla bir neçə məntəqədə hədəfləri dəqiq idarəolunan sursatlarla vurub.
Bu gün səhər saatlarında ABŞ qüvvələri 90 dəqiqə davam edən əməliyyat çərçivəsində Böyük Tunb adasında yerləşən sahil müdafiə və qanadlı raket obyektlərinə də zərbələr endirib.
ABŞ ordusu Ali Baş Komandanın göstərişi ilə İranı məsuliyyətə cəlb etdiyini bildirib.