Bakı. Trend:
IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunun, geosiyasi əhəmiyyətinin və sülh gündəliyinə sadiqliyinin bir daha nümayiş etdirildiyi mühüm platformaya çevrilib.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.
Deputat qeyd edib ki, 13 iyul 2026-cı il tarixində dünya mediasının diqqət mərkəzində olan əsas hadisələrdən biri Prezident İlham Əliyevin ənənə halını almış IV Şuşa Qlobal Media Forumunda iştirakı olub. Onun sözlərinə görə, forum dünyada davam edən münaqişələr fonunda beynəlxalq medianın sülhün təşviqinə hazırlığı və Azərbaycan həqiqətlərinin geniş işıqlandırılması baxımından mühüm əhəmiyyət daşıyıb.
M.Əfəndiyev bildirib ki, Prezident İlham Əliyev tədbirdə iştirak etməklə 53 ölkədən 160 qonağın, o cümlədən 30 xəbər agentliyinin nümayəndələrinin, 60-dan çox media qurumunun, eləcə də 10 beynəlxalq təşkilat və təsisatın iştirak etdiyi "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən forumun əhəmiyyətini və davamlılığını ön plana çıxarıb. O vurğulayıb ki, dövlət başçısı beynəlxalq jurnalistlər platforması vasitəsilə regionda formalaşmış yeni geosiyasi reallıqları diqqətə çatdırıb, Azərbaycanın artıq orta gücə çevrildiyini və dünyada sülhün bərqərar olunması istiqamətində qətiyyətini qlobal ictimaiyyətə bəyan edib.
Deputatın sözlərinə görə, hazırda dünya transformasiya dövrünü yaşayır, davam edən müharibələr, genişlənən münaqişə ocaqları və dövlətlər arasında anlaşmazlıqlar kritik həddə çatıb. Bu isə beynəlxalq medianın qarşısında yeni suallar formalaşdırır. O qeyd edib ki, gündəmdə duran əsas məsələ medianın cəmiyyətə düzgün və obyektiv məlumat çatdırmaqla sülhün təşviqinə töhfə verməsidir.
M.Əfəndiyev bildirib ki, hazırda dezinformasiya və qarayaxma kampaniyaları ilə tez-tez rastlaşmaq mümkündür. Onun fikrincə, belə halların qarşısının alınması hər bir cəmiyyətin və ölkənin davamlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev üç saata yaxın davam edən görüş zamanı ən həssas məsələlərə toxunub, jurnalistlərin bütün suallarını ətraflı və səmimi şəkildə cavablandırıb, Azərbaycanın qarşısında duran çağırışların yerinə yetirildiyini Qlobal Media Forumu vasitəsilə bütün dünyaya çatdırıb.
Onun sözlərinə görə, forumda müzakirə olunan əsas məsələlərdən biri də Avropa Şurası Parlament Assambleyası ilə Azərbaycan arasında münasibətlər olub. Deputat bildirib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın artan geosiyasi əhəmiyyəti, Avropanın enerji təhlükəsizliyində oynadığı strateji rol və etibarlı tərəfdaş kimi qazandığı nüfuz Avropa İttifaqı, xüsusilə Avropa Komissiyası ilə münasibətlərin yeni mərhələyə keçməsi üçün əlverişli zəmin yaradıb. Bu amillər Avropa İttifaqı rəhbərliyinin Azərbaycana səfərlərinin intensivləşməsinə, siyasi dialoqun genişlənməsinə və qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsinə şərait yaradır.
M.Əfəndiyev qeyd edib ki, Azərbaycan Avropa Komissiyası ilə əməkdaşlıq çərçivəsində üzərinə götürdüyü bütün öhdəlikləri məsuliyyətlə yerinə yetirib və həyata keçirilən layihələrdə yüksək etibarlılıq nümayiş etdirib. Onun sözlərinə görə, enerji, nəqliyyat, yaşıl enerji və regional bağlantılar sahəsində əldə olunan nəticələr ölkənin Avropa üçün strateji tərəfdaş mövqeyini daha da gücləndirib. Deputat əlavə edib ki, təsadüfi deyil ki, 2022-ci ildən etibarən son dörd ilə yaxın müddətdə Azərbaycanın Avropa İttifaqına qaz tədarükü 65 faiz artıb.
Deputat bildirib ki, Prezident İlham Əliyev çıxışında Avropa Şurası Parlament Assambleyası ilə münasibətlərə də toxunaraq, son illərdə bu platformada qarşılıqlı etimad və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanan əməkdaşlığın inkişafına mane olan yanaşmaların müşahidə edildiyini qeyd edib. Onun sözlərinə görə, ikili standartların tətbiqi, qərəzli siyasi mövqelər və ayrı-seçkilik xarakterli qərarlar AŞPA ilə münasibətlərə mənfi təsir göstərib və təşkilatın obyektivliyi ilə bağlı ciddi suallar yaradıb.
M.Əfəndiyev Prezident İlham Əliyevin forumdakı fikirlərinə istinad edərək bildirib: "Beş il ərzində onlar Azərbaycanı hədəfləyən 13 qətnamə qəbul ediblər və onlardan heç biri bizim üçün vacib deyil, onlardan heç biri burada hər hansı məsələyə təsir etmir".
Deputat vurğulayıb ki, buna baxmayaraq, Azərbaycan hər zaman beynəlxalq təşkilatlarla əməkdaşlığını qarşılıqlı hörmətə, beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyə əsaslanaraq qurmağa üstünlük verib. O hesab edir ki, gələcəkdə AŞPA ilə münasibətlərin tam bərpa edilmiş suverenliyə hörmət, qarşılıqlı etimad, bərabərlik və siyasi qərəzdən uzaq əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsi həm təşkilatın nüfuzunun artmasına, həm də Avropa məkanında sağlam dialoqun formalaşmasına xidmət edəcək.
M.Əfəndiyev sonda qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi sülhsevər siyasət, regional sabitliyə və əməkdaşlığa verdiyi töhfələr, eləcə də IV Şuşa Qlobal Media Forumu vasitəsilə beynəlxalq tərəfdaşlıqlara açıq mövqeyini nümayiş etdirməsi ölkənin beynəlxalq institutlarla münasibətlərinin gələcəkdə qarşılıqlı etimad əsasında daha dayanıqlı inkişaf edəcəyini göstərir.

