Bakı.Trend:
Elektron ticarətin geniş yayılması kosmetik məhsulların onlayn satışının həcmini artırıb. Bununla yanaşı, onlayn alış-veriş zamanı məhsulun fiziki vəziyyətini, qablaşdırılmasını, saxlanma şəraitini və təhlükəsizlik göstəricilərini əvvəlcədən qiymətləndirmək mümkün olmadığından istehlakçılar daha diqqətli olmalıdırlar.
Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında
keçirilən canlı yayım zamanı nazirliyin Respublika
Sanitariya-Karantin Mərkəzinin Sanitariya-Gigiyena nəzarəti və
ekspertiza şöbəsinin həkim-gigiyenisti Orxan İsmayılov
açıqlayıb.
Onun sözlərinə görə, sanitariya nəzarətinə aid edilən qeyri-ərzaq
məhsullarının ölkə ərazisinə idxalı zamanı Səhiyyə Nazirliyi
Respublika Sanitariya-Karantin Mərkəzi tərəfindən gigiyenik
sertifikatlaşdırma həyata keçirilir:“Gigiyenik sertifikat –
məhsulun, maddənin, avadanlığın və ya vasitənin qüvvədə olan
sanitariya qaydalarına, gigyena normativlərinə uyğun olduğunu və
insan sağlamlığı üçün təhlükəsiz hesab edildiyini təsdiq edən rəsmi
sənəddir.
Gigiyenik sertifikatın əsas məqsədi insan sağlamlığının qorunması, məhsulların təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığı üçün risk yarada biləcək amillərin qarşısının alınmasıdır. Bununla yanaşı, istehlakçılar, xüsusilə onlayn alış-veriş zamanı məhsulun mənşəyinə, satıcının etibarlılığına və məhsul haqqında məlumatlara xüsusi diqqət yetirməlidirlər. Bu baxımdan istehlakçılara kosmetik məhsulları yalnız istehsalçının rəsmi internet səhifələrindən, rəsmi distribütorlardan və etibarlı satış platformalarından əldə etmələri, məhsul qəbul edilərkən isə qablaşdırmanın bütövlüyünü, seriya (Batch Code) nömrəsini və son istifadə tarixini diqqətlə yoxlamaları tövsiyə olunur. Bununla yanaşı, onlayn satış zamanı bir sıra təhlükəsizlik riskləri də nəzərə alınmalıdır. Rəsmi və etibarlı mağazalardan alış-veriş etdikdə risk çox aşağıdır. Lakin şübhəli saytlardan alınan məhsullar ciddi sağlamlıq problemlərinə yol aça bilər”.
O.İmayılov bildirib ki, saxta məhsullarda civə, qurğuşun və ya
arsen kimi ağır metalların normadan artıq miqdarda olması istisna
edilmir ki, bu da insan sağlamlığı üçün risk yarada bilər: “Eyni
zamanda, məhsulların anbarlarda və ya daşınma zamanı istehsalçı
tərəfindən müəyyən edilmiş saxlanma şəraitinə əməl olunmadan
əlverişsiz şəraitdə saxlanıldıqa (yüksək temperatur və ya rütubətin
təsirinə məruz qalması) onların tərkibinin dəyişməsinə və
bakteriyaların çoxalmasına səbəb ola bilər”.
