Bakı. Trend:
Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan OPEC+ çərçivəsində əməkdaşlığın inkişafında əsas rol oynayır.
Bunu OPEC+ Əməkdaşlıq Xartiyasının Texniki Komitəsinin Bakıda keçirilən ilk iclası çərçivəsində Trend-ə eksklüziv müsahibəsində Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haysam Əl-Qays deyib.
“Bakı neft sənayesi ilə bağlı bir çox mühüm hadisələrin ilk dəfə baş verdiyi məkandır. Burada hələ də neft hasil edən Bibiheybətdəki ilk neft quyusu yerləşir, həmçinin ilk müasir sənaye neft tankeri də burada yaradılıb. Məhz buna görə biz texniki səviyyədə ilk görüşü yüz illər boyu öz davamlılığını sübut etmiş Bakının çoxsaylı nailiyyətlərinin ruhuna söykənərək burada keçirmək qərarına gəldik”, – deyə o bildirib.
Əl-Qays həmçinin görüşün Bakıda keçirilməsi ilə bağlı dəvətə görə Azərbaycan hökumətinə minnətdarlığını ifadə edib.
OPEC-in baş katibi OPEC+ iştirakçıları arasında əməkdaşlığın möhkəmləndirilməsində Azərbaycanın rolunu yüksək qiymətləndirib.
“Mən hər il buraya gəlirəm. Buraya gəlməyimin səbəblərindən biri OPEC adından Azərbaycan rəhbərliyinə və hökumətinə minnətdarlığımı ifadə etməkdir. Əlbəttə ki, Prezident İlham Əliyevin müdrik və səmərəli rəhbərliyi ilə Azərbaycan artıq on ildir OPEC+ istehsalçıları arasında əməkdaşlığın təşviqində və dəstəklənməsində əsas rol oynayır. Energetika naziri, qardaşım Pərviz Şahbazov və onun komandası da bu prosesdə mühüm və son dərəcə dəyərli rol oynayıblar. Onlar enerji diplomatiyasında və demək olar ki, 22 ölkəni birləşdirən müxtəlif tərkibli alyansımız üçün zəruri olan konsensusun əldə edilməsində əsas rol oynayıblar. Buna görə də Azərbaycanın rolu tamamilə həlledici olub və biz bunu həqiqətən yüksək qiymətləndiririk. Məhz buna görə də mən ildən-ilə buraya gəlir və bu ölkəyə minnətdarlığımı bildirirəm”, – deyə Haysam Əl-Qays vurğulayıb.
