Bakı. Trend:
OPEC istehsalçılarına, xüsusilə də Fars körfəzi ölkələrinə olan etibarlılıq və inam şübhə altına alınmamalıdır.
Bunu çərşənbə günü Bakıda OPEC+ Əməkdaşlıq Xartiyasının Texniki Komitəsinin ilk iclası çərçivəsində Trend-ə eksklüziv müsahibəsində Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haysam Əl-Qays deyib.
“2026-cı ilin dekabrında OPEC+ 10 illiyini qeyd edəcək. Mən bunu istehsalçılar qrupumuz üçün çox mühüm mərhələ hesab edirəm. Əməkdaşlıq Bəyannaməsi 2016-cı ildə imzalanıb və Azərbaycan bu alyansın dəyərli iştirakçısıdır. On illik əməkdaşlığın uğurlarına əsaslanaraq göstərmək vacibdir ki, bu qrup hər şeydən əvvəl vahiddir. Biz birlikdə çoxsaylı sınaqlardan keçmişik. 2016-cı ildə neft sənayesində ciddi tənəzzül baş verdi, sonra isə 2020-ci ildə COVID-19 pandemiyası və onun bazara təsirləri yaşandı. Biz bu sınaqlardan keçdik və bazarın ciddi çağırışlarının öhdəsindən gəlməyə qadir olan birlik nümayiş etdirdik”, – deyə o bildirib.
Əl-Qaysın sözlərinə görə, OPEC+ çərçivəsində əməkdaşlığın potensialı neft bazarının sabitliyi məsələlərindən kənara çıxaraq genişlənə bilər.
“Biz bu qrupa daxil olan ölkələr və istehsalçılar arasında təkcə bazarın sabitliyi ilə məhdudlaşmayan sahələrdə əməkdaşlığın inkişafı üçün daha geniş imkanlar görürük”, – deyə OPEC-in baş katibi əlavə edib.
O qeyd edib ki, OPEC+ üzvü olan hər bir ölkə öz üstünlüklərinə və imkanlarına malikdir və bu, ilkin olaraq nəzərdə tutulmayan yeni əməkdaşlıq istiqamətlərinin inkişafına şərait yaradır.
“Buraya, məsələn, iqlim dəyişikliyi məsələləri də daxil olmaqla müxtəlif beynəlxalq platformalarda mövqelərin əlaqələndirilməsi, texnologiyaların ötürülməsi, bilik mübadiləsi, təlim, birgə tədqiqatların aparılması və ölkələr arasında birgə müəssisələrin yaradılması kimi istiqamətlər daxildir”, – deyə Əl-Qays bildirib.
O vurğulayıb ki, alyansda 22 ölkənin iştirak etməsi əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi üçün böyük potensial yaradır.
OPEC-in baş katibi həmçinin OPEC+ Əməkdaşlıq Xartiyasının Texniki Komitəsinin ilk iclasının keçirilməsi üçün məkan kimi Bakının seçilməsini izah edib.
“Məhz buna görə də Bakıda olmağımızın səbəbini qeyd etmək vacibdir. Bakı neft sənayesi ilə bağlı bir çox mühüm hadisələr üçün ilk məkan olub. Burada hələ də neft hasil edən Bibiheybətdə ilk neft quyusu qazılıb, həmçinin ilk müasir sənaye neft tankeri yaradılıb. Məhz buna görə də yüzillər boyu öz davamlılığını sübut etmiş Bakının çoxsaylı nailiyyətlərinin ruhuna söykənərək texniki səviyyədə ilk görüşü burada keçirmək qərarına gəldik”, – deyə o bildirib.
Əl-Qays görüşün Bakıda keçirilməsi ilə bağlı dəvətə görə Azərbaycan hökumətinə minnətdarlığını da ifadə edib.
OPEC-in baş katibi OPEC+ iştirakçıları arasında əməkdaşlığın möhkəmləndirilməsində Azərbaycanın rolunu yüksək qiymətləndirib.

“Mən hər il bura gəlirəm. Buraya gəlməyimin səbəblərindən biri OPEC adından Azərbaycan rəhbərliyinə və hökumətinə minnətdarlığımı ifadə etməkdir. Əlbəttə ki, Prezident İlham Əliyevin müdrik və səmərəli rəhbərliyi altında Azərbaycan artıq on ildir ki, OPEC+ istehsalçıları arasında əməkdaşlığın təşviqində və dəstəklənməsində əsas rol oynayır. Energetika naziri, qardaşım Pərviz Şahbazov və onun komandası da bu prosesdə mühüm və son dərəcə dəyərli rol oynayıblar. Onlar enerji diplomatiyasında və konsensusun əldə olunmasında əsas rol oynayıblar ki, bu da təxminən 22 ölkəni birləşdirən müxtəlif tərkibli alyansımızı nəzərə alsaq, tamamilə zəruridir. Buna görə də Azərbaycanın rolu tamamilə həlledici olub və biz bunu həqiqətən yüksək qiymətləndiririk. Məhz buna görə də mən ildən-ilə bura gəlir və bu ölkəyə minnətdarlığımı bildirirəm”, – deyə Haysam Əl-Qays qeyd edib.
Bazar sabitliyi ilə tələbat qeyri-müəyyənliyi arasında balans
O qeyd edib ki, bazarın sabitliyi ilə tələbatın qeyri-müəyyənliyi arasında balans OPEC-in hər zaman son dərəcə ehtiyatlı yanaşdığı məsələlərdən biridir.
“Biz həmişə bu mürəkkəb qeyri-müəyyənlik dövrlərinin öhdəsindən uğurla gəlmişik, çünki xəbər başlıqlarına reaksiya vermirik. Biz fəaliyyətimizdə, təhlillərimizdə və OPEC Katibliyindəki həmkarlarımın apardığı ətraflı araşdırmalarda son dərəcə ehtiyatlı yanaşmaya üstünlük veririk. Məhz buna görə də bazarda artıq mövcud olan və tələbatla bağlı çoxsaylı, bir-birindən fərqli qiymətləndirmələrdən qaynaqlanan volatilliyi artırmırıq. Təəssüf ki, bu gün elə çoxlu analitiklər var ki, istər geosiyasi, istərsə də iqtisadi xarakterli hər hansı hadisə ilə bağlı xəbərlərə dərhal reaksiya verirlər. Keyfiyyətli təhlil apararkən rəhbər tutulmalı olan yanaşma bu deyil. OPEC-də tədqiqat komandamız etibarlı məlumatlara və bazardakı real vəziyyətə əsaslanır. Biz ehtiyatlı yanaşmaya sadiq qalırıq və həddindən artıq reaksiya verməyəcəyimizə, yaxud sonradan digər hallarda olduğu kimi düzəliş tələb edə biləcək lazımsız addımlar atmayacağımıza zəmanət veririk. Məhz bu, bizim yanaşmamızı unikal edir: məqsədimiz bazardakı volatilliyi artırmaq deyil, onu azaltmaqdır. Lazım olmayan hallarda həddindən artıq və ya əsassız reaksiyalar verməkdən çəkinirik”, – deyə OPEC-in baş katibi əlavə edib.
Tədarükdə fasilələr yaranacağı təqdirdə OPEC+ın reaksiya mexanizmləri
Tədarükdə ciddi fasilələr baş verdiyi halda operativ reaksiya alətləri ilə bağlı sualı cavablandıran Haysam Əl-Qays iki əsas amili önə çəkib.
“Birincisi, mövcud şəraitdən və ya hər hansı digər vəziyyətdən asılı olmayaraq, OPEC-in bir neçə iri istehsalçısı uzun illər ərzində öz imkanlarının inkişafına sərmayə qoyub ki, hazırda müşahidə etdiyimiz kimi bazarda baş verə biləcək istənilən qəfil dəyişikliklərə reaksiya verə bilsinlər. Məsələn, bizim ən böyük istehsalçımız olan Səudiyyə Ərəbistanı Krallığının Şərq–Qərb neft kəməri mövcuddur və hazırkı şəraitdə bu kəmər son dərəcə faydalı olub. Belə ki, xam neftin əhəmiyyətli həcmləri şərq marşrutundan qərbə – Qırmızı dəniz istiqamətinə yönləndirilib. Digər ölkələrin də boru kəmərləri vasitəsilə nəql imkanları var. Ölkələrin xaricdə yerləşən anbarları mövcuddur. Belə dövrlərdə tədarükün sabitliyini və neft axınının fasiləsizliyini təmin etmək üçün çoxsaylı digər potensial marşrutlar da mövcuddur. Qeyd etmək istədiyim ilk məsələ budur. Bu tədbirlər artıq praktikada sınaqdan çıxıb və bazarın üzləşdiyi tədarük çatışmazlığının azaldılmasında son dərəcə səmərəli olduğunu sübut edib”, – deyə o bildirib.
OPEC-in baş katibi həmçinin vurğulayıb ki, OPEC istehsalçılarına, xüsusilə də Fars körfəzi ölkələrindəki istehsalçılara olan etibarlılıq və inam şübhə altına alınmamalıdır.
“Təəssüf ki, bu yaxınlarda Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunun boğazların etibarlılığını şübhə altına alan və ya bəzi istehsalçıların etimadı bərpa etməli olduğunu bildirən açıqlamalarını eşitdik. Mən hesab edirəm ki, bu, ədalətsiz, yanlış və konstruktiv olmayan yanaşmadır. Biz dünyanı kifayət qədər və sabit tədarüklə təmin etmək üçün əlimizdən gələni etmişik. Bazar müxtəlif yollarla uyğunlaşıb. Lakin Fars körfəzi ölkələrindəki istehsalçıların etibarlılığına və onlara olan inama şübhə ilə yanaşmaq – halbuki biz onilliklərdir ən etibarlı istehsalçılar sırasında olmuşuq – mənim fikrimcə, heç nəyə kömək etmir. Müxtəlif insidentlər baş verir, müharibələr olur, nəzarətimizdən kənarda olan hadisələr yaşanır. Müqayisə üçün deyim ki, Avropada 1939–1945-ci illərdə İkinci Dünya müharibəsi baş verib. Amma bundan sonra heç kim Avropa istehsalına və ya Avropa sənayesinə etibar etməyin mümkün olmadığını demirdi. Hesab edirəm ki, hazırda baş verə biləcək ən pis hal Fars körfəzi ölkələrinin istehsalçılarına etibar edilməməsi və ya əmtəə kimi neftə güvənməyin mümkün olmadığı barədə narrativin yayılmasıdır. Bu, əks nəticə verir və qlobal iqtisadiyyatın maraqlarına uyğun deyil. Biz insanları bu cür bəyanatlara son dərəcə ehtiyatla yanaşmağa çağırırıq”, – deyə o əlavə edib.

Enerji keçidi fonunda neftin uzunmüddətli enerji təhlükəsizliyində rolu
Haysam Əl-Qays bildirib ki, OPEC-in əsas mesajı hər zaman ondan ibarət olub ki, neft qlobal iqtisadiyyatın fundamental elementi və əsas dayaqlarından biri olaraq qalacaq.
“Bu, uzun illər və onilliklər ərzində belə olub və belə də davam edəcək. Biz yenicə 2050-ci ilədək dövrü əhatə edən yenilənmiş "World Oil Outlook" proqnozunu təqdim etdik. Həmin proqnoz aydın şəkildə göstərir ki, neft 2050-ci ilə qədər enerji istehlakı strukturunda üstün mövqeyini qoruyacaq və qlobal enerji balansının təxminən 30 faizini təşkil edəcək. Buna qazı da əlavə etsək, neft və qaz birlikdə dünya üzrə enerji istehlakının təxminən 55 faizini təmin edəcək.
Bu, məni yenidən əvvəl qeyd etdiyim məsələyə qaytarır: uzun illərdir ki, bir çox insanlar enerji keçidindən danışarkən bunu faktiki olaraq neft və qazdan imtina ilə eyniləşdirirlər. OPEC-də isə biz enerji keçidi ilə yanaşı, enerji tamamlayıcılığı anlayışından danışırıq, çünki dünyada enerji istehlakı əhəmiyyətli templərlə artacaq. Biz hesab edirik ki, bu gündən 2050-ci ilə qədər enerji istehlakı təxminən 23 faiz artacaq. Əlbəttə, bu artımda neft mühüm rol oynayacaq. Bərpa olunan enerji mənbələrindən istifadənin artması ilə yanaşı, qaz istehlakının da artacağını görəcəyik. Lakin bu, neft və qazın əvəz olunması kimi şərh edilməməlidir.
Biz hesab edirik ki, istifadəsi azalacaq yeganə enerji mənbəyi iqlim və ekoloji amillərə görə kömür olacaq. Məhz buna görə OPEC-də neftə, qaza, eləcə də bərpa olunan enerji mənbələrinə investisiyaların davam etdirilməsinin vacibliyini vurğulayırıq”, – deyə OPEC-in baş katibi bildirib.
OPEC-ə üzv ölkələrin hamısının bütün enerji növlərinə investisiya qoymadığını qeyd edən Əl-Qays vurğulayıb ki, təşkilatın məqsədi iqlim dəyişikliyi ilə mübarizə adı altında hər hansı enerji mənbəyini təşviq etmək və ya istisna etmək deyil.
“Paris Sazişinin özü əslində yalnız neft və qazdan deyil, bütün mənbələrdən yaranan emissiyaların azaldılmasına yönəlib. Buna görə də biz bir daha enerji keçidindən neft və qazdan imtina ilə bağlı başqa gündəliyin təşviqi üçün alət kimi istifadə olunmaması barədə xəbərdarlıq edirik. Bu, baş verməməlidir. Neft fundamental əhəmiyyət daşıyır. Biz onun gündəlik həyatımızın bütün sahələrində mövcud olduğunu görürük: nəqliyyatda, geyimdə, aviasiyada, gəmiçilikdə, qablaşdırmada, idman avadanlıqlarında. Hazırda dünya çempionatından danışdığımız üçün qeyd edim ki, hətta futbolçuların oynadığı futbol topu da neft-kimya məhsullarından hazırlanır. İnsanların çox vaxt fərqinə varmadığı bütün sahələrdə neft mövcuddur. Məhz buna görə də bu resursun dəstəklənməsi və bazarın sabitliyinin təmin olunması vacibdir. Çünki bu, bütün dünyada insanların gündəlik həyatına və rifahına təsir göstərir. Biz OPEC+ əməkdaşlığı vasitəsilə məhz buna nail olmağa çalışırıq: neft hesabına qlobal iqtisadiyyatı dəstəkləyən sabit bazarı təmin etməyə. Çünki dünya üzrə enerji istehlakının 30 faizi neftin payına düşür”, – deyə o izah edib.

OPEC-in neft qiymətləri və investisiya tələbatına baxışı
Haysam Əl-Qays xatırladıb ki, OPEC neft qiymətlərini şərh etmir və onların proqnozlaşdırılması ilə məşğul olmur.
“Düşünürəm ki, qiymətlər həm fundamental, həm də qeyri-fundamental olmaqla çoxsaylı amillərin nəticəsidir. Biz isə diqqətimizi tələb və təklif arasında balansın təmin edilməsinə yönəldirik. Əməkdaşlıq Bəyannaməsi çərçivəsində məhz bununla məşğul oluruq və uzun illərdir ki, bunu uğurla həyata keçiririk. İndi isə neft sənayesinə hansı həcmdə investisiyaların lazım olmasından danışmaq olar. Proqnozlarımıza görə, neft sənayesinin fəaliyyətinin davamlılığını təmin etmək üçün hər il təxminən 700 milyard dollar investisiya tələb olunur. Bu isə bu gündən 2050-ci ilədək ümumilikdə təxminən 18 trilyon dollar deməkdir. Bu investisiyalar sənayenin bütün seqmentlərini – upstream, midstream və downstream sahələrini əhatə edir. Bu, çox böyük həcmdir və biz bazarın sabitliyini təmin etməklə, investorlar üçün əlverişli mühit formalaşdırmaqla məhz bunu dəstəkləməyə çalışırıq.
Əlbəttə, son illərdə investisiya cəlbediciliyinin azaldığını müşahidə etmişik. Belə ki, bazarda ciddi profisit yaranmış, mövcud şərait investisiyaları təşviq etməmişdi. Lakin qiymətlərin səviyyəsindən asılı olmayaraq, əvvəl danışdığımız məsələyə – neft və qazdan imtina ilə bağlı narrativə qayıtmaq istərdim. Beynəlxalq Enerji Agentliyi bəyan etmişdi ki, 2030-cu il neft və qaz dövrünün sonu olacaq. Halbuki biz hər il neftə tələbat üzrə yeni rekordların şahidi oluruq. 2030-cu ilə isə beş ildən də az vaxt qalıb. Son 10 il ərzində onlar neftə tələbatın pik həddə çatacağını və daha sonra onilliyin sonunadək azalacağını proqnozlaşdırırdılar. Amma bu baş vermir. Məhz buna görə də yalnız investisiyalara imkan verən və onları stimullaşdıran qiymət səviyyəsinə deyil, həm də sənayenin gələcəyinə inam yaradan düzgün mesajın formalaşdırılmasına diqqət yetirmək vacibdir. Bu mesaj neft və qaza gələcək investisiyaları təşviq etməli, onlara mane olmamalıdır”, – deyə OPEC-in baş katibi yekunlaşdırıb.
