Bakı.Trend:
Azərbaycan iqtisadi artım potensialı ən yüksək olan və özəl investisiyalar üçün böyük maraq kəsb edən prioritet iqtisadi sahələri müəyyənləşdirib.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes-forumunda çıxışı zamanı deyib.
"Biz Azərbaycanın iqtisadiyyatında fikrimizcə, iqtisadi artım baxımından ən böyük potensiala malik olan və buna görə də özəl kapital üçün ən cəlbedici hesab etdiyimiz sahələri müəyyən etmişik. Bu məqsədlə müvafiq dövlət proqramları həyata keçirilir. Hazırda bunlar dağ-mədən sənayesi və metallurgiyanın inkişafı üzrə dövlət proqramı, rəqəmsal transformasiya üzrə dövlət proqramı, kənd təsərrüfatı və aqrar emalın inkişafı üzrə dövlət proqramı, həmçinin turizmin inkişafı üzrə dövlət proqramıdır", – deyə o bildirib.
Mikayıl Cabbarovun sözlərinə görə, bu proqramlar ya artıq təsdiqlənib, ya da hazırlanmasının son mərhələsindədir.
Nazir qeyd edib ki, seçilmiş istiqamətlər həm Azərbaycanın iqtisadi inkişaf prioritetlərinə, həm də Slovakiya müəssisələrinin fəaliyyət profilinə uyğundur.
O əlavə edib ki, sənaye istehsalını nəzərdə tutan layihələr üçün xüsusi yaradılmış sənaye zonalarında "plug-and-play" prinsipi tətbiq olunur ki, bu da investorlara istehsala daha sürətlə başlamağa və layihələrini daha operativ şəkildə reallaşdırmağa imkan verir.
