Bakı.Trend:
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə iyulun 16-dan etibarən paytaxtın bir sıra küçələrində təmir işlərinə başlanılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, iyulun 16-dan Nəsimi rayonu üzrə Ağadadaş Qurbanov küçəsində, Yasamal rayonu üzrə Şeyx Məhəmməd Xiyabani küçəsində, Nizami rayonu üzrə isə Əliağa Kürçaylı küçəsində təmir işləri aparılacaq.
İyulun 17-dən isə Nizami rayonu, C. Naxçıvanski küçəsində (8-ci km bazarının sağ və sol tərəfi) və Yasamal rayonu, Ayna Sultanova küçəsində təmir işlərinə start veriləcək.
Qeyd olunub ki, təmir işləri aparılan müddətdə həmin yol sahələrində işlərin gedişatına uyğun olaraq nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırılacaq.
Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmağı, hərəkətlərini əvvəlcədən planlaşdırmağı və mümkün olduqda alternativ yollardan istifadə etməyi xahiş edib.
