Bakı.Trend:
"Anglo Asian Mining" 2026-cı ilin ilk yarısının yekunlarına əsasən Azərbaycanda mis istehsalını artırıb.
Şirkətin son hesabatında bildirilib ki, 2026-cı ilin yanvar-iyun aylarında "Anglo Asian Mining " 8 840 ton mis istehsal edib. Bu göstərici 2025-ci ilin eyni dövründə qeydə alınmış 1 188 tonla müqayisədə xeyli yüksəkdir.
Şirkət qeyd edib ki, 2026-cı ildə mis istehsalını artırmaqda davam edir və istehsal həcmləri rübdən-rübə yüksəlir. Belə ki, 2026-cı ilin II rübündə mis istehsalı I rübdəki 3 711 tonla müqayisədə 5 129 ton təşkil edib.
Xüsusilə, II rübdə Gədəbəy yatağında 1 879 ton mis hasil olunub, "Dəmirli" yatağının payına isə 3 250 ton düşüb.
"Anglo Asian Mining" bildirib ki, Dəmirli yatağının layihə gücünə çatdırılması istiqamətində işlər davam edir və tam istehsal həcminə 2026-cı ilin III rübündə nail olunacağı gözlənilir.
Bundan əvvəl Anglo Asian Mining 2026–2027-ci illərdə ümumi həcmi 90 min metr olan karot qazma proqramını həyata keçirməyi planlaşdırdığını açıqlamışdı. Proqrama təxminən 55 min metr kəşfiyyat qazması və texniki-iqtisadi əsaslandırmaların hazırlanması çərçivəsində təxminən 35 min metr qazma işləri daxildir.
Şirkətin məlumatına görə, kəşfiyyat işləri əsasən Xarxar və Qaradağ sahələrində ehtiyatların genişləndirilməsinə, həmin ərazilərə bitişik sahələrdə aparılacaq işlərə, Gədəbəy müqavilə sahəsində növbəti qazmalara, həmçinin Dəmirli və Cənubi Dəmirli sahələrinin genişləndirilməsinə yönəldiləcək.
"Anglo Asian Mining"in biznesin inkişafı üzrə baş direktoru Əmirreza Vəziri Trend-ə özəl müsahibəsində bildirib ki, şirkət Xarxar və Qaradağ layihələrinin kapital tutumunun dünyada ən aşağı göstəricilərdən biri olacağını gözləyir.
"Biz gözləyirik ki, Xarxar və Qaradağ layihələrinin kapital tutumu dünyada ən aşağı göstəricilərdən biri olacaq. Mis katodunun istehsalının digər üstünlüyü ondan ibarətdir ki, konsentratdan fərqli olaraq, bu məhsulu dünyanın müxtəlif bazarlarında birbaşa satmaq mümkündür. Bu isə o deməkdir ki, istehsal konsentratın metala çevrilməsi üçün misəritmə müəssisələrinin artıq güclərinin mövcudluğundan asılı olmayacaq", – deyə o izah edib.
