Bakı.Trend:
Azərbaycan iqtisadiyyatın qeyri-neft sektoruna milyardlarla dollar həcmində investisiya cəlb etməklə beynəlxalq investisiya əməkdaşlığını genişləndirməyə davam edir.
Trend-in tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-Slovakiya Biznes Forumunda çıxışı zamanı deyib.
"2025-ci ilin sentyabr ayında İqtisadiyyat Nazirliyi və AZPROMO "The European House – Ambrosetti" ilə birgə Bakıda ilk Azərbaycan Beynəlxalq İnvestisiya Forumunu keçirib. Tədbirə 1000-ə yaxın iştirakçı qatılıb və yekunda ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya sənədləri imzalanıb. Bunun 7 milyard ABŞ dollarından çoxu qeyri-neft sektoru üzrə layihələri əhatə edir", – deyə o bildirib.
Y.Abdullayev qeyd edib ki, ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu bu ilin 25–26 sentyabr tarixlərində keçiriləcək. O, bu tədbirdə slovak tərəfdaşları salamlamaqdan məmnun olacaqlarını ifadə edib.
Bundan əlavə, o vurğulayıb ki, AZPROMO investorlara "vahid pəncərə" prinsipi əsasında dəstək göstərir. Agentlik onlara Azərbaycan bazarı ilə tanış olmaq, prioritet sahələri, mövcud təşviq mexanizmlərini, uyğun investisiya məkanlarını, sənaye zonalarını və perspektivli investisiya layihələrini müəyyənləşdirməkdə kömək edir.
Onun sözlərinə görə, investisiya fəaliyyətinin inkişafına "Invest in Azerbaijan" platforması da töhfə verəcək. Bu platforma investisiya məlumatlarına, müraciətlərin təqdim edilməsinə və investisiyaların dəstəklənməsi alətlərinə rəqəmsal çıxışı təmin edəcək.
