Bakı.Trend:
Böyük Britaniya hökuməti 16–17 yaşlı yeniyetmələrin gecə saatlarında sosial şəbəkələrdən istifadəsini avtomatik məhdudlaşdırmağı platformalar üçün məcburi etmək niyyətindədir.
Bu barədə ölkənin Elm, İnnovasiya və Texnologiyalar Nazirliyi məlumat yayıb.
Təklif olunan tədbirlərə əsasən, tətbiqlər bu yaş kateqoriyasına aid istifadəçilər üçün standart olaraq gecə saat 00:00-dan 06:00-dək xidmətlərə çıxışı məhdudlaşdıran rejimi aktivləşdirməlidir.
Bundan əlavə, platformalar internetdə uzun müddət qalmağa təşviq edən funksiyaları, o cümlədən videoların avtomatik oynadılması və sonsuz fərdiləşdirilmiş xəbər lentini standart olaraq deaktiv etməyə borclu olacaqlar. Bununla belə, istifadəçilər bu parametrləri müstəqil şəkildə dəyişə biləcəklər.
