Bakı.Trend:
Slovakiya şirkətləri Azərbaycan bazarına artan maraq göstərir və Azərbaycanla Slovakiya arasında iqtisadi əlaqələr möhkəmlənməkdə davam edir.
Trend-in tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, bu barədə Slovakiya İnvestisiyaların və Ticarətin İnkişafı Agentliyinin (SARIO) Xarici Ticarət Şöbəsinin rəhbəri Daniel Ondruş Bakıda keçirilən Azərbaycan-Slovakiya Biznes Forumunda çıxışı zamanı bildirib.
"Bu, son üç il ərzində SARIO tərəfindən Azərbaycana təşkil olunan artıq dördüncü biznes missiyasıdır. Biz bunu Slovakiya şirkətlərinin Azərbaycana artan marağının və ölkələrimiz arasında iqtisadi əlaqələrin ardıcıl şəkildə möhkəmlənməsinin göstəricisi kimi qiymətləndiririk", – deyə o bildirib.
Ondruş qeyd edib ki, Slovakiya nümayəndə heyətinə kənd təsərrüfatı və qida sənayesi, maşınqayırma, müdafiə sənayesi, su təsərrüfatı, infrastruktur, energetika, dağ-mədən sənayesi, eləcə də informasiya-kommunikasiya texnologiyaları sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələri daxildir.
Onun sözlərinə görə, şirkətlər Azərbaycan bazarını öyrənmək, təcrübə mübadiləsi aparmaq və uzunmüddətli işgüzar tərəfdaşlıqlar qurmaq məqsədilə Bakıya səmimi maraqla gəliblər.
O vurğulayıb ki, forumun əsas nəticəsi keçirilən görüşlərin yekununda formalaşacaq tərəfdaşlıq münasibətləri, həmçinin tədbir başa çatdıqdan sonra da inkişafını davam etdirəcək birgə layihələr və işgüzar əlaqələr olacaq.
