Azərbaycandakı "yaşıl" layihələrin 2026-cı ilin ilk altı ayı üzrə İCMALI

Yaşıl iqtisadiyyat Materials 15 İyul 2026 17:20 (UTC +04:00)
Azərbaycandakı "yaşıl" layihələrin 2026-cı ilin ilk altı ayı üzrə İCMALI
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Trend 2026-cı ilin birinci yarısının yekunları üzrə Azərbaycanda "yaşıl" energetika sahəsində baş verən hadisələrin icmalını təqdim edir.

2026-cı ilin birinci yarısı Azərbaycan üçün "yaşıl" energetika sahəsində planlaşdırma mərhələsindən iri layihələrin praktiki icrasına keçid dövrü olub. Altı ay ərzində ölkə eyni vaxtda bir neçə əsas istiqamətdə mühüm irəliləyiş əldə edib: bərpa olunan enerji sahəsində ən iri obyektlərdən birinin tikintisini başa çatdırıb, yeni investorlar cəlb edib və zəruri infrastrukturun inkişafını davam etdirib.

Tikintidən yeni güclərin istismarına keçid

Yarımilin ən mühüm hadisələrindən biri Xızı-Abşeron Külək Elektrik Stansiyasının tikintisinin başa çatdırılması olub. Bu barədə yanvarın 7-də Azərbaycanın energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanının "ACWA Power" şirkətinin Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyan ilə görüşü zamanı bildirib.

Bununla paralel olaraq ölkənin ən iri günəş enerjisi layihələrindən biri olan "Şəfəq" layihəsinin icrası davam etdirilib. Fevral ayında bp layihədəki 10 faizlik payını Macarıstanın "MVM Energetika Zrt." şirkətinə satdığını elan edib və bununla da konsorsiuma yeni beynəlxalq investor qoşulub. Artıq aprel ayında layihə iştirakçıları – bp, "SOCAR Green", Azərbaycan Biznesin İnkişafı Fondu və MVM Cəbrayıl rayonundakı tikinti meydançasında günəş panellərinin quraşdırılmasına başlayaraq layihəni aktiv tikinti mərhələsinə keçiriblər.

İstehsal bazasının genişlənməsinin digər göstəricisi isə yaxın həftələrdə Ələt Azad İqtisadi Zonasında Çin şirkətinin iştirakı ilə günəş panellərinin istehsalı zavodunun tikintisinə başlanılacağının elan edilməsi olub.

"Yaşıl" elektrik enerjisinin ixracı layihələri üzrə işlər sürətlənir

Yarımilin əsas tendensiyalarından biri sərhədlərarası "yaşıl" elektrik enerjisinin ixracı layihələri üzrə işlərin sürətlənməsi olub.

Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov Trend-ə özəl müsahibəsində bildirib ki, "Mərkəzi Asiya – Azərbaycan Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanması üzrə məsləhətçi qismində İtaliyanın CESI şirkəti seçilib.

Onun sözlərinə görə, layihə çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin birləşdirilməsi və Avropaya “yaşıl enerji” marşrutunun yaradılması nəzərdə tutulur:

“Məsləhətçi şirkətinin seçimi bu mərhələdə layihənin keyfiyyətli və vaxtında tamamlanması üçün vacibdir, çünki əsaslandırma olmadan investisiya və tikinti mərhələsinə keçmək mümkün deyil. Bu, layihənin ümumi zaman qrafikinə birbaşa təsir göstərəcək”.

Nazir müavini bildirib ki, bərpa olunan enerji sahəsində mühüm layihələrin icrası qarşıya qoyulmuş strateji hədəflərin mərhələli şəkildə reallaşdırılmasına imkan yaradır:

Bununla yanaşı, Azərbaycan digər strateji layihə – "Xəzər dənizi – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizi"nin də irəlilədilməsini davam etdirib. İyulun 8-də Bakıda keçirilən Nazirlər Komitəsinin iclasında layihənin icra mərhələsinə keçdiyi elan olunub. Bu addım Azərbaycanın "yaşıl" elektrik enerjisinin Avropa bazarlarına ixracı üzrə beynəlxalq infrastrukturun inkişafında mühüm mərhələ hesab olunur.

"Yaşıl" transformasiyaya beynəlxalq dəstək

Hesabat dövründə Azərbaycan beynəlxalq maliyyə institutları ilə əməkdaşlığını da genişləndirməyə davam edib.

May ayında Asiya İnkişaf Bankı Azərbaycanın iştirakı ilə 2026–2031-ci illəri əhatə edən ticarətin inkişafı və "yaşıl" artım layihəsini təsdiqləyib. Təşəbbüsün maliyyələşdirilməsi AİB-in Xüsusi Texniki Yardım Fondu və Avstraliya hökuməti tərəfindən təmin olunur.

Davamlı nəqliyyat infrastrukturunun inkişafına da əlavə diqqət ayrılır. Yanvar ayında RINA və HPC Hamburg Port Consulting şirkətləri ATƏT-in "yaşıl limanlar"ın inkişafı və Xəzər regionunun nəqliyyat əlaqələrinin gücləndirilməsi layihəsi çərçivəsində beşillik müqavilə əldə ediblər.

İnfrastruktur generasiya güclərinin artımına hazırlaşır

Yeni enerji istehsalı obyektlərinin tikintisi ilə yanaşı, ölkənin enerji infrastrukturunun modernləşdirilməsi də davam etdirilir.

Belə ki, "Azərenerji" Xankəndi və Ağdərədə 110 kilovoltluq yeni yarımstansiyaların tikintisini elan edib. Bu layihələrin həyata keçirilməsi yeni bərpa olunan enerji obyektlərinin şəbəkəyə qoşulmasını təmin edəcək və azad edilmiş ərazilərdə enerji təchizatının etibarlılığını artıracaq.

İnkişafın yeni mərhələsi

Birinci yarımilin nəticələri göstərir ki, Azərbaycanın "yaşıl" energetikası inkişafın yeni mərhələsinə qədəm qoyur. Əvvəlki illərdə əsas diqqət sazişlərin imzalanmasına və investorların cəlb edilməsinə yönəldiyi halda, 2026-cı ildə bir çox layihə artıq praktiki icra mərhələsinə keçib: yeni enerji istehsalı obyektləri tikilir, sənaye bazası inkişaf etdirilir, infrastruktur müasirləşdirilir və beynəlxalq enerji dəhlizləri təşviq edilir

Bu keçid Azərbaycanın tədricən təkcə bərpa olunan enerji istehsalçısına deyil, həm də regionun gələcəkdə "yaşıl" elektrik enerjisinin əsas ixrac mərkəzlərindən birinə çevriləcəyini deməyə əsas verir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti