Bakı.Trend:
Azərbaycan və Slovakiya arasında turizm sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, imzalanma mərasimi Bakıda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun və Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakovanın iştirakı ilə keçirilən Azərbaycan-Slovakiya Biznes Forumu çərçivəsində baş tutub.
Əməkdaşlığa dair memorandumu Azərbaycan Turizm Bürosu İdarə Heyəti sədrinin müavini Teymur Süleymanzadə və Slovakia Travel təşkilatının baş direktorunun müavini Martina Qorinova imzalayıblar.
Qeyd edək ki, Bakıdakı Azərbaycan-Slovakiya Biznes Forumu çərçivəsində Azərbaycan və Slovakiyanın investisiya və ixrac imkanları təqdim olunub, həmçinin ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
Forumda AZPROMO, Slovakiya İnvestisiya və Ticarətin İnkişafı Agentliyinin (SARIO) və Slovakiyanın İxrac-Kredit Agentliyinin (Eximbanka SR) nümayəndələri çıxış edib, həmçinin biznes nümayəndələri arasında ikitərəfli görüşlər keçirilib.
