Bakı.Trend:
ABŞ ilə Azərbaycan arasında münasibətlər bu gün respublikanın müstəqilliyini bərpa etdiyi vaxtdan bəri ən yüksək səviyyədədir.
Bu fikri amerikalı siyasi analitik Brayan Leyb IV Şuşa Qlobal Media Forumunda iştirakının yekunlarına həsr olunmuş və "Townhall" nəşrində dərc olunan məqalədə bildirib.
Müəllifin sözlərinə görə, hazırda Vaşinqton ilə Bakı arasında əməkdaşlıq ənənəvi diplomatiya çərçivəsindən xeyli kənara çıxır. Bu əməkdaşlıq regional təhlükəsizlik, energetika, nəqliyyat, iqtisadiyyat və Cənubi Qafqazda yeni əməkdaşlıq arxitekturasının formalaşdırılması kimi istiqamətləri əhatə edir.
Brayan Leyb qeyd edir ki, son illərdə ABŞ-ın Azərbaycana münasibətdə siyasətində ciddi dəyişikliklər baş verib. Onun fikrincə, əvvəlki ABŞ administrasiyası Azərbaycanın strateji əhəmiyyətini lazımi səviyyədə qiymətləndirmirdisə, hazırkı yanaşma Bakının regionda etibarlı tərəfdaş kimi əsas rolunun qəbul edilməsinə əsaslanır.
Müəllif vurğulayır ki, Azərbaycan Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında körpü rolunu oynayan unikal geosiyasi mövqeyə malikdir. Onun qənaətincə, qlobal rəqabətin kəskinləşdiyi şəraitdə məhz bu cür dövlətlər ABŞ üçün ən mühüm tərəfdaşlara çevrilir.
Məqalədə enerji sahəsində əməkdaşlığa xüsusi diqqət ayrılıb. Leyb xatırladır ki, Azərbaycan hələ Avropada enerji böhranı yaranmazdan xeyli əvvəl alternativ ixrac marşrutlarının inkişafına və müasir enerji infrastrukturunun yaradılmasına sərmayə yatırıb. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və Avropa ölkələrinin etibarsız təchizatçılardan asılılığının azaldılmasında mühüm rol oynayır.
Bununla yanaşı, müəllif qeyd edir ki, Azərbaycanın əhəmiyyəti yalnız enerji sektoru ilə məhdudlaşmır. O xatırladır ki, Bakı Əfqanıstandakı əməliyyat zamanı Birləşmiş Ştatları mühüm tranzit marşrutları ilə təmin edib və beynəlxalq koalisiyaya dəstək göstərib.
"Bu addımlar Azərbaycanın sadəcə regional tərəfdaş deyil, həqiqətən də etibarlı müttəfiq olduğunu nümayiş etdirdi", – deyə məqalədə vurğulanır.
Leybin fikrincə, Azərbaycanın dəniz limanlarının, dəmir yolu şəbəkəsinin, avtomobil infrastrukturunun, aviasiya və logistika sahələrinin inkişafına yatırdığı iri həcmli investisiyalar ölkəni Avrasiyanın əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevirir. Müəllif hesab edir ki, bu, energetika, nəqliyyat, texnologiyalar, infrastruktur, kənd təsərrüfatı və kibertəhlükəsizlik kimi sahələrdə Amerika biznesi üçün əhəmiyyətli perspektivlər açır.
Analitik Cənubi Qafqazda sülh prosesinin perspektivlərinə də ayrıca toxunub. Onun fikrincə, Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanması regionda vəziyyəti köklü şəkildə dəyişə, ticarətin inkişafına təkan verə, yeni investisiyalar cəlb edə və Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrini gücləndirə bilər.
Müəllif hesab edir ki, ABŞ bu prosesi dəstəkləməyi davam etdirməli və eyni zamanda Azərbaycanla strateji tərəfdaşlığını daha da inkişaf etdirməlidir.
Məqalədə Şuşa mövzusu da geniş yer tutur. Azərbaycana dəfələrlə səfər etmiş Leyb şəhəri ölkənin bərpasının, dayanıqlılığının və milli dirçəlişinin simvolu kimi qələmə verib. Onun sözlərinə görə, burada Şuşa Qlobal Media Forumunun keçirilməsi Azərbaycanın siyasətçiləri, ekspertləri və dünya mediasının nümayəndələrini bir araya gətirən beynəlxalq dialoq platformasına çevrilmək istəyini nümayiş etdirir.
Bununla yanaşı, müəllif etiraf edir ki, müttəfiqlər arasında müəyyən məsələlər üzrə fikir ayrılıqları ola bilər. Lakin onun fikrincə, yetkin tərəfdaşlıq ayrı-ayrı siyasi ziddiyyətlərə deyil, ortaq strateji maraqlara əsaslanmalıdır.
Leyb əmindir ki, ABŞ-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi hər iki ölkənin maraqlarına cavab verir. Bu, enerji təhlükəsizliyinin təmin olunmasına, beynəlxalq ticarətin inkişafına, Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə və qlobal güc mərkəzləri arasında rəqabətin gücləndiyi şəraitdə iqtisadi imkanların genişlənməsinə xidmət edir.
Məqalənin sonunda müəllif ABŞ Konqresini ikitərəfli münasibətlərin inkişafını dəstəkləməyə, iqtisadi əməkdaşlığı genişləndirməyə və onun fikrincə, artıq müasir geosiyasi reallıqlara uyğun gəlməyən yanaşmalara yenidən nəzərdən keçirməyə çağırır.
"ABŞ ilə Azərbaycan arasında münasibətlər heç vaxt indiki qədər möhkəm olmayıb. İndi bu müsbət dinamikanı daha da inkişaf etdirmək üçün ən münasib zamandır", – deyə Brayan Leyb yazır.
