Azərbaycan investorlara təkcə öz bazarına deyil, həmdə regional bazara çıxış imkanı təklif edir - Mikayıl Cabbarov

İqtisadiyyat Materials 15 İyul 2026 12:19 (UTC +04:00)
Azərbaycan investorlara təkcə öz bazarına deyil, həmdə regional bazara çıxış imkanı təklif edir - Mikayıl Cabbarov
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan beynəlxalq investorlara ölkəni yalnız ayrıca bir bazar kimi deyil, həm də əlverişli coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat-logistika infrastrukturu sayəsində daha geniş regional bazara açılan strateji qapı kimi nəzərdən keçirməyi təklif edir.

Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Slovakiya Biznes Forumunda çıxışı zamanı bildirib.

Nazir vurğulayıb ki, Azərbaycanın coğrafi mövqeyi ölkəni Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında unikal bağlayıcı həlqəyə çevirir. Bakı təkcə Xəzər dənizi sahilində yerləşən ən böyük paytaxt deyil. O, həmçinin Xəzər dənizinin qərb sahilində yerləşən yeganə liman şəhəridir və bu baxımdan Mərkəzi Asiya ilə əlaqə üçün ən qısa, eyni zamanda, bəlkə də ən etibarlı nəqliyyat qovşağı hesab olunur.

M.Cabbarovun sözlərinə görə, dünya okeanına çıxışı olmayan ölkə kimi Azərbaycan iqtisadi inkişaf üçün nəqliyyat əlaqələrinin əhəmiyyətini yaxşı anlayır.

O qeyd edib ki, söhbət təkcə nəqliyyat əlaqələrindən deyil, həm də regionun bir sıra ölkələri ilə azad ticarət rejimlərini əhatə edən daha geniş bazara inteqrasiyadan gedir.

Nazir vurğulayıb ki, Azərbaycanın ənənəvi olaraq Gürcüstanla möhkəm iqtisadi və nəqliyyat əlaqələri mövcuddur. O, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra Ermənistanla davam edən sülh prosesinə də diqqət çəkib.

Cabbarovun sözlərinə görə, şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsi onlara təkcə ölkənin daxili bazarına deyil, həm də daha geniş regional bazara çıxış imkanı yaradır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti