Kosmetik məhsulları seçərkən nəyə diqqət etməliyik? – Səhiyyə Nazirliyinin mütəxəssisi izah edir

Cəmiyyət Materials 15 İyul 2026 15:23 (UTC +04:00)
Kosmetik məhsulları seçərkən nəyə diqqət etməliyik? – Səhiyyə Nazirliyinin mütəxəssisi izah edir
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Kosmetik məhsulların düzgün seçilməsi və istifadəsi insanların sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.


Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Respublika Sanitariya-Karantin Mərkəzinin Sanitariya-gigiyena nəzarəti və ekspertiza şöbəsinin həkim-gigiyenisti Orxan İsmayılov səsləndirib.


Onun sözlərinə görə, kosmetik məhsul alarkən ilk növbədə məhsulun təhlükəsizlik göstəricilərinə, mənşəyinə, tərkibinə və saxlanma şəraitinə diqqət yetirilməlidir.


"Kosmetik vasitələr birbaşa dəri ilə təmasda olduğundan yanlış seçim və ya sağlamlıq üçün təhlükəli maddələrdən ibarət məhsulların istifadəsi ciddi allergik reaksiyalara və müxtəlif dəri xəstəliklərinə səbəb ola bilər. Bu baxımdan istehlakçılara kosmetik məhsul seçərkən onun gigiyenik sertifikatının mövcudluğunu və qüvvədə olma müddətini yoxlamaları tövsiyə olunur", – deyə mütəxəssis bildirib.


Orxan İsmayılov xatırladıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyun 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş "Baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların Vahid Siyahısı"na daxil olan sanitariya nəzarətinə aid qeyri-ərzaq məhsulları ölkəyə idxal edilərkən Respublika Sanitariya-Karantin Mərkəzi tərəfindən gigiyenik sertifikatlaşdırmadan keçirilir.


Həkim-gigiyenistin sözlərinə görə, məhsulun qablaşdırılması bütöv olmalı, istehsal və son istifadə tarixləri aydın göstərilməlidir:"Son istifadə tarixi silinmiş, dəyişdirilmiş və ya üzərinə əlavə etiket yapışdırılmış məhsulların alınması məqsədəuyğun deyil. Eyni zamanda, qablaşdırmada açıq qab işarəsi ilə göstərilən və 6M, 12M kimi ifadə olunan açıldıqdan sonrakı istifadə müddətinə (PAO) də diqqət yetirilməlidir. Bu göstərici məhsulun açıldıqdan sonra istehsalçı tərəfindən müəyyən edilmiş müddət ərzində təhlükəsiz istifadə oluna biləcəyini göstərir".


Mütəxəssis qeyd edib ki, məhsulun tərkibi diqqətlə oxunmalı, fərdi həssaslıq yarada biləcək komponentlər nəzərə alınmalıdır. Xüsusilə Methylparaben və Propylparaben kimi qoruyucu maddələrin, eləcə də bəzi şampunlarda istifadə olunan kimyəvi komponentlərin minimum səviyyədə olmasına üstünlük verilməsi tövsiyə edilir. Ətir seçərkən isə allergiya və qızartıya səbəb ola biləcək maddələrdən çəkinmək lazımdır.
Orxan İsmayılov bildirib ki, mənşəyi məlum olmayan, ucuz və saxta pomada və göz kölgələrinin tərkibində normadan artıq qurğuşun və civə kimi ağır metallar ola bilər: "Bu cür maddələr uzunmüddətli istifadə zamanı orqanizmdə toplanaraq sağlamlıq üçün risk yarada bilər. Buna görə kosmetik məhsullar yalnız etibarlı və rəsmi satış məntəqələrindən alınmalıdır. Məhsullar istehsalçının müəyyən etdiyi saxlanma şəraitində qorunmalı, güclü işıq və istilik mənbələrinin təsirindən uzaq saxlanılmalıdır. Əks halda onların kimyəvi tərkibi dəyişə və keyfiyyəti vaxtından əvvəl pisləşə bilər".


Həkim-gigiyenist əlavə edib ki, kosmetik məhsul seçilərkən dəri tipi mütləq nəzərə alınmalıdır. Yağlı və sızanağa meylli dəri üçün "Non-comedogenic" (məsamələri tutmayan), həssas və allergiyaya meylli dəri üçün isə "Hypoallergenic" (allergik riski azaldılmış) və "Fragrance-free" (ətirsiz) qeyd olunan məhsullara üstünlük verilməsi tövsiyə olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti