Bakı.Trend:
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) yerli vaxtla saat 06:00-dan etibarən (Bakı vaxtı ilə 14:00) İrana yeni zərbələr silsiləsinə başladığını elan edib.
Bu barədə CENTCOM-un rəsmi “X” səhifəsində məlumat yayılıb.
“Zərbələrdə məqsəd İranın Hörmüz boğazında kommersiya gəmilərinə hücumlar üçün istifadə etdiyi hərbi imkanları daha da zəiflətməkdir”,-deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.
