Bakı.Trend:
"Anglo Asian Mining" şirkətinin Azərbaycanda qızıl istehsalı 2025-ci ilin II rübündə qeydə alınmış 6 086 unsiya ilə müqayisədə 2026-cı ilin müvafiq dövründə 6 272 unsiya təşkil edib.
Şirkətin məlumatına görə, istehsal olunan qızılın 5 158 unsiyası qızıl dore ərintisinin tərkibində əldə olunub, daha 1 114 unsiya isə flotasiya prosesi və SART texnologiyasından istifadə edilməklə istehsal edilib.
2026-cı ilin ilk yarısının yekunlarına əsasən, "Anglo Asian Mining" qızıl istehsalında rekord göstəriciyə nail olub. Belə ki, istehsal həcmi 12 329 unsiya təşkil edib. Bu rəqəm 2025-ci ilin ilk yarısında qeydə alınmış 12 114 unsiya ilə müqayisədə yüksəkdir.
"Anglo Asian Mining" şirkətinin baş icraçı direktoru Rza Vaziri bildirib ki, 2026-cı ilin ilk altı ayı şirkət üçün mühüm dövr olub, çünki "Anglo Asian" tarixində ən yüksək yarımillik qızıl istehsalı məhz bu dövrdə qeydə alınıb.
"Dəmirli layihəsinin layihə gücünə çatdırılması gözləntilərimizə uyğun şəkildə davam edir və cari rüb ərzində başa çatacaq. Bununla yanaşı, orta müddətli inkişaf strategiyamızın icrası çərçivəsində digər aktivlərimizi də inkişaf etdirməyə davam edirik və bu strategiyanın uğurla həyata keçiriləcəyinə əminik. Güclü pul axını sayəsində həm inkişaf strategiyasının icrasını daha da sürətləndirmək, həm də səhmdarları mükafatlandırmaq üçün kifayət qədər kapitalımız var. 2026-cı il üzrə proqnozlarımızı bir daha təsdiqləməkdən məmnunam və ilin ikinci yarısında da güclü nəticələr gözləyirəm", - deyə o bildirib.
"Anglo Asian Mining plc" Azərbaycanda yüksək keyfiyyətli hasilat və kəşfiyyat aktivləri portfelinə malik mis və qızıl istehsalçısıdır. Şirkət 2025-ci ilin yekunlarına əsasən 7 915 ton mis və 25 061 unsiya qızıl istehsal edib.
Şirkətin strateji inkişaf planına əsasən, 2030-cu ilədək Anglo Asian Mining bir neçə aktivə malik orta miqyaslı mis və qızıl istehsalçısına çevrilməyi hədəfləyir. Həmin dövrədək mis şirkətin əsas məhsuluna çevriləcək və illik mis istehsalının 50–55 min ton səviyyəsində olacağı proqnozlaşdırılır.
Bu məqsədlərə nail olmaq üçün şirkət 2027–2030-cu illərdə Xarxar, Qaradağ və Zəfər olmaqla üç yeni mədəni istismara verməyi planlaşdırır. Bu layihələr Gilar və Dəmirli yataqlarına əlavə olaraq həyata keçiriləcək. Gilar mədənində hasilata 2025-ci ilin may ayında, Dəmirli mədənində isə 2025-ci ilin iyul ayında başlanılıb.
Bundan əvvəl "Anglo Asian Mining" 2026–2027-ci illərdə ümumi həcmi 90 min metr olan karot qazma proqramı həyata keçirəcəyini açıqlamışdı. Proqram çərçivəsində təxminən 55 min metr kəşfiyyat qazması, 35 min metr isə texniki-iqtisadi əsaslandırmaların hazırlanması məqsədilə qazma işləri aparılacaq.
Şirkət artıq Xarxar yatağında iki qazma qurğusu ilə karot qazma işlərinə başlayıb. Qaradağ yatağında qazma işlərinə isə 2026-cı ilin üçüncü rübündə başlanacağı gözlənilir.
"Anglo Asian Mining" şirkətinin biznesin inkişafı üzrə baş direktoru Əmirreza Vəziri Trend-ə özəl müsahibəsində bildirib ki, layihənin 2028-ci ilədək nəzərdə tutulan inkişaf qrafikinə uyğun həyata keçirilməsinə mane ola biləcək ciddi qeyri-geoloji məhdudiyyətlər mövcud deyil.
"Layihə yollar, su təchizatı və elektrik enerjisi daxil olmaqla əsas infrastruktur obyektlərinə çıxışı təmin edən əlverişli ərazidə yerləşir. Bundan əlavə, mövcud istehsal obyektlərimizə yaxınlıq inkişaf və əməliyyat sinerjisi baxımından əlavə imkanlar yaradır", - deyə o əlavə edib.
