Bakı.Trend:
AQTA Şəmkirdə qida zəhərlənməsi baş verən restoranın fəaliyyətini dayandırıb.
Bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, Şəmkir rayonunda baş verən qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qazax-Tovuz regional bölməsi araşdırmalara başlayıb.
Agentliyə daxil olan məlumata əsasən, zəhərlənən şəxslərə müvafiq tibbi yardım göstərilib və vəziyyətləri qənaətbəxş hesab edilərək evə buraxılıblar.
Araşdırmalar zamanı hadisənin Şəmkir rayonunun Kür qəsəbəsində fəaliyyət göstərən “Narın Qala” restoranında baş verdiyi müəyyən edilib.
AQTA əməkdaşları tərəfindən restoranın fəaliyyəti müvəqqəti dayandırılıb, qida nümunələri götürülərək laborator müayinələrə göndərilib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
